2030-cu ilə qədər dünyada 80 yaşdan yuxarı insanların sayı 1 yaşdan kiçik uşaqlardan çox olacaq.
Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Yaşlı İnsanların Hüquqları Bölməsinin rəhbəri Çitralexa Mari Massela Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Həyat boyu mənzil təminatı – bütün yaşlı insanlar üçün adekvat mənzil" mövzusunda yaşlı insanların hüquqları üzrə dəyirmi masada çıxışinda deyib.
BMT rəsmisi bildirib ki, dünya sürətlə yaşlanır və bu dəyişikliklər mənzil siyasətinə birbaşa təsir göstərməlidir.
Ekspertin fikrincə, dövlətlər və şəhərlər üç əsas prinsipə əməl etməlidir: hörmət etmək, qorumaq və hüquqları təmin etmək.
"Dünyada 65 yaşdan yuxarı hər altı nəfərdən biri zorakılıq, istismar və laqeydliklə üzləşir”, - Massela bildirib.
O əlavə edib ki, düzgün planlaşdırılmış şəhərlər olmadan təhlükəsiz və ləyaqətli mənzil hüququnun təmin edilməsi mümkün deyil.
"Ev təkcə bir bina deyil. O, icma, şəhər və dövlət sistemi ilə birlikdə düşünülməlidir”, - o vurğulayıb.
visiontv.az