Dünyada fəaliyyət göstərən platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir.
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə " Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir çoxları layihənin mahiyyətini düzgün anlamır:
"Bu məsələyə diqqət çox vacib və lazımlıdır. Çünki burada bizim uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və belə bir qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir".
R.Məcid onu da bildirib ki, sözügedən qanun ictimaiyyət tərəfindən də yaxşı qarşılanıb:
"Güman edirəm ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar. Bunun da nəticəsində, xüsusən uşaqların zərərli təsirlərdən qorunması məsələsində məsuliyyət hissi onların da hüquqi baxımdan üzərinə düşəcək".
visiontv.az