Regionun ilk aqrar birja layihəsi...
Regionun ilk aqrar birja layihəsi...
05.12.2019 Elvin ABBASOV Tərəfindən

AgroBirja layihəsi regionun ilk aqrar sahə birjasıdır. "TimeSoft" şirkətinin yaratdığı platforma Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərməkdədir. Platformanın iş prinsipi kənd təsərrüfatı bazarının individuallığına və spesifikliyinə görə formalaşmaqdadır.

Visiontv.az-a müsahibə verən "TimeSoft" şirkətinin həmtəsisçisi və qurucusu Elvin Abbasov AgroBirjanın hədəf və məqsədləri barədə danışıb. 

Abbasov deyib: “Kənd təsərrüfatı sektoru hər bir ölkənin iqtisadiyyatının vacib strateji sahəsidir. Bu sektoru inkişaf etdirmək üçün hər cür ara vasitələrdən istifadə edilməlidir. Birja bu vasitələrdən biridir. Birja ticarətinin vacibliyini düzgün başa düşmək lazımdır. Amma dünyada aqrar birjalar azlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları əmtəə birjasının spekterlərindən biridir. Bu birjanı yaratmaqda məqsədimiz dünya bazarında (rəqabət baxımından) Azərbaycana daha da strateji mövqe verməkdir.”

Platformanın hədəfinin, regionda bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin sözügedən platformadan yararlanaraq öz məhsullarını daha rahat bir şəkildə yerli və dünya bazarına çıxarmalarına kömək etmək olduğunu deyən Abbasov, platformanın gələcəkdə istifadəçi dillərinin sayını artıracağını bildirib:

“Müasir dünyanın tələblərinə uyğun və dünya praktikasını ələ alaraq AgroBirja platformasını hazırlayan "TimeSoft" şirkəti, aqrar biznesi ilə məşğul olan sahibkarları öz məhsullarını AgroBirja üzərindən gələcəkdə dünya bazarına cıxarmağa imkan yaradacaq.”

Abbasov əlavə edib: "TimeSoft bir platforma şirkətidir. Şirkətin hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin TimeSoft MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarına kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir: Agrobirja.az, AgroTV. Agro Menecment və Ofis Menecment. Təkcə ölkəmizdə deyil, eləcədə qonşu ölkələrdə artıq danışıqlara başlamışıq. Türkiyə Torpaq Məhsulları Ofisi (TMO) Lisanslı depoculuk Şöbə Müdiri Gökhan Gurbüz bəy ilə Gürcistan Kənd Təsarüffatı naziri Levan Davitaşvili və Rusiyanın Sankt-Peterburq şəhərinin rəsmiləri, Leninqrad əyalətin hökümət sədrinin müavini, Kənd tesərrüfatı və balıqçılıq komitəsinin sədri Mixail Kaçun ilə AgroBirja barədə görüşlərim olub.

AgroBirja-nın kənd təsərrüfatı sahəsindəki missiyası bunlardır: Məhsullarında tələb və təklif formalaşması, qiymət sabitliyi, ölkənin strateji mövqeyini qaldırmaq, bu sahədə rəqabətin inkişafı. Aqrar sahənin cəmiyyətin ən vacib və əsas qollarından biri kimi inkişafı və həmçinin məhsulların yerli və dünya bazarına daha effektiv cıxarılmasında optimal şərait yaratmaqdadır. Bu hədəfə çatmaq üçün AgroBirjadan effektiv istifadə etməklə vaxta qənaət etmiş olacaqsınız.

Aqrar birjanın əsas hədəfi, ölkənin strateji kənd təsərrüfatı məhsullarıdır və bu məhsullar aşağıdaki keyfiyyətlərə malik olmalıdır:

  1. Məhsul kənd təsərrüfatı sektoruna aid olmalıdır;
  2. Kütləvi ixrac;
  3. Beynəlxalq bazarda ölkəyə müəyyən üstünlük verir;
  4. Tez xarab olmayan mallara üstünlük verilir.

Hər bir birja kimi, satıcıların mallarını müəyyən standartlara uyğun satacaqları bir bazar yaradacağıq ki, bu da rəqabətin inkişafına təkan verəcəkdir. Birjanın özü bazar iqtisadiyyatının xəyallarının gerçəkləşdiyi bir məkandır. Əvvəla mükəmməl rəqabət, daha sonra məhsul vahidliyi və nəhayət malın çoxluğu.

Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağını anlayırıq. Biz, AgroBirja ilə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun, yenilikçi fikirlər əsasında səmərəliliyi artırmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq."

Onun sözlərinə görə, kənd təsərrüfatı ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, digər ölkələrdən aqrar aslılığı azaldacaq. Həm də neft sektoruna alternativ ola biləcək ən prioritet sahələrdən biri kimi dövlət proqramlarında geniş yer tutacaqdır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi çox böyük əhəmiyyət daşıyır. AgroBirja platforması da məhz kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma, alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə yanaşı, sahibkarlara, ümumilikdə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq.

Elvin Abbasov: “Biz sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurumuz qədər cəmiyyətin uğuru üçün də çalışmaqdayıq."

Qeyd edək ki, layihəylə maraqlananlar Agrobirja.az saytına daxil olaraq daha geniş məlumat ala bilərlər.