Güneylilər məhbus fəallarla bağlı bəyanat yayıb
15.12.2025

İranda və aricdə yaşayan bir qrup güney azərbaycanlı fəal, ziyalı və yazıçı Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların, xüsusilə aclıq aksiyası keçirən azərbaycanlı məhbusların durumundan narahatlıqlarını ifadə edən bəyanat yayıblar.

Bəyanatı çox sayda şəxs imzalayıb.

"Xüsusən həftələrdir aclıq aksiyası keçirən Vədud Əsədi, Tahir Nəqəvi, Ayaz Seyfxah və Mahmud Ocaqlunun vəziyyətindən nigəranıq. Onların başına gələn istənilən xoşagəlməz hadisəyə görə, adı çəkilən şəxslərin barəsində ədalətsiz hökm çlxaran İran məhkəmə sistemi, ümumilikdə İran hökuməti məsuliyyət daşıyır",- bəyanat müəllifləri bildiriblər.

Bəyanatı imzalayanlar, aclıq aksiyası keçirən fəalların haqlı mübarizələrini dəstəklədiklərini, onlara verilən cəzanın əsassız və ədalətsiz olduğunu qeyd edib, ayrı-seçkiliyin aradan qaldırılması uğrunda fəaliyyətlərini davam etdirmək üçün həyatda qalmalarının vacibliyini vurğulayıblar:

"Məqsədə nail olmaq və ədalətsizliyi aradan qaldırmaq üçün sizlərin yaşamanız vacibdir. Buna görə də, sizin iradə və əzminizi təqdir etdir, 21 Azər Hərəkatının, Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü günündə sizdən aclıq aksiyanızı dayandırmanızı xahiş edirik."

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 50 günə yaxındır ki, barələrində çıxarılan ədalətsiz hökmə, özlərinə qarşı edilən təzyiqlərə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Başqa bir neçə fəal isə sonradan onlara dəstək məqsədilə aclıq aksiyasına qoşulublar.

Adı çəkilən fəallar 2024-cü ilin fevral ayının əvvəllərində bir neçə başqa fəalla eyni vaxtda həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

Onlar "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılaraq uzun müddətli həbs cəzasına məhkum ediliblər.

visiontv.az