Qənirə Paşayeva Asiya Parlament Assambleyasında təqdimatla çıxış edib
Qənirə Paşayeva Asiya Parlament Assambleyasında təqdimatla çıxış edib
23.09.2023 Qənirə Paşayeva Tərəfindən

APA-nın vitse-prezidenti, Qurumun sosial və mədəni məsələlər üzrə daimi komitəsinin sədri Q.Paşayeva Asiya Parlament Assambleyasında təqdimatla çıxış edib.

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər daimi komitəsinin Bakıda keçirilən iclasında “Qadınlar üzrə komissiya”nın yaradılmasına dair qətnamə layihəsi qəbul edilib. Qətnamə layihəsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri, APA-nın vitse-prezidenti, Assambleyanın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

Komitə sədrinin təqdimat nitqini kiçik ixtisarla təqdim edirik:

“Əziz həmkarlar,

Azərbaycan nümayəndə heyətinin Asiya Parlament Assambleyasının 10 yanvar 2023-cü ildə Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən XIII Plenar Sessiyasında təklif etdiyi və daha sonra hazırladığı “Qadınlar üzrə komissiya”nın yaradılmasına dair qətnamə layihəsi haqqında məlumatı diqqətinizə çatdırmaq istərdim.

İcazənizlə öncə bəzi fikirlərimi sizinlə bölüşüm.

Bu bir gerçəkdir ki, şəxsən mən fərqli platformalarda qadınlar üçün daha çox haqq tələb etmişəm. Ona görə yox ki, mən də qadınam; ona görə ki, qadınların nələrə qatlanmaq durumunda olduğunu çox yaxşı bilirəm. Onlarla kişi xeylağının olduğu bir toplantıda “Qadınlar üzrə komissiya”nın yaradılmasına dair qətnamə layihəsinin təqdimatının heç də asan iş olmadığının fərqindəyəm. Amma inanıram ki, siz bu mövzuya “cənnət anaların ayaqları altındadır” deyən İslam Peyğəmbəri həzrəti Məhəmmədin sözünün işığında yanaşacaqsınız.

Türkiyədə qadın haqları ilə bağlı ən böyük işlərə imza atmış Cümhuriyyət qurucusu Mustafa Kamal Atatürk deyirdi: “Buna inanmaq gərəkir ki, dünya üzündə gördüyümüz hər şey qadının əsəridir”.

“Qadınlar kişilərlə birlikdə yürümədikcə heç bir millət zəfərə yetişməz. Qadınları bir məhbus kimi dörd divardan ibarət bir evin içərisinə məhkum etmək insanlığa qarşı işlənmiş bir suçdur. Bizim qadınlarımıza layiq gördüyümüz bu cəzadan daha böyük bir cəza heç bir cəza qanununda bulunmaz” – bu müdirk sözlərsə Pakistanda qadın haqları ilə bağlı böyük dönüşüm yaratmış görkəmli ictimai-siyasi və dövlət xadimi Muhamməd Ali Cinnaha aiddir. Qadınların cəmiyyətdə rolunun genişləndirilməsini dövlətin prioritetlərindən biri elan edən Azərbaycanın Ümummilli lideri Heydər Əliyev isə belə deyirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Beləliklə, inanıram ki, hər biriniz öz ölkənizdə qadın haqlarına, onların toplumda yeri və roluna böyük önəm vermiş və mühüm addımlar atmış tarixi şəxsiyyətləri örnək alacaq və bu sənədi dəstəkləyəcəksiniz.

“Qadın olmaq çox çətin bir işdir çünki kişilərlə uğraşmaq zorundadır” deyən Josef Konrad düşüncəsində olan kişilərə isə bu sənəd layihəsi ilə söyləmək istəyirik ki, qadınların dərdi əsla kişilərlə mübarizə aparmaq deyil, qadınların dərdi onlarla birlikdə daha gözəl və daha yaşanıla bilən bir dünya qurmaqdır. Bu sənədlə biz, bu toplantını izləyən bütün kiçik qızlara səslənərək demək istəyirik: “dəyərli və güclü olduğunuzdan, öz xəyallarınızı gerçəkləşdirmək üçün hər fürsəti haqq etdiyinizə əsla şübhə etməyin”! – Özü də, bu ismarıcı qadın və kişi ayrımı etmədən, güclü birlik ruhu ilə veririk!

Düşünün, BMT sənədlərində insan haqları ilə bağlı yer alan prinsiplər bu gün dünyanın əhalisinin ən azı 4-dən 1-ni əhatə etmir. Bu qəbul edilə biləcək haldırmı?

Bəli, bir ölkənin iqtisadiyyatı, o iqtisadiyyatın bəşəri sərmayəsinə dayanır. Doğrudan da, əgər qadınlara yetərli sağlıq, təhsil və iş imkanları təqdim etməyirsinizsə, potensialınızın yarısını itirmiş olursunuz. Cinsi bərabərlik və qadın haqları iqtisadi inkişafın təməlidir.

Cinsi bərabərlik sadəcə bir hədəf deyildir. Cinsi bərabərlik, yoxsulluğu azaltmağın, davamlı inkişaf yaratmağın və yaxşı idarəetmənin təməlidir.

Hörmətli dostlar,

Müzakirəyə çıxarılan qətnamə layihəsi və ona dair konseptual sənəd APA Katibliyi tərəfindən təşkilatın üzvlərinə paylandığına görə sizin onlarla tanış olmaq imkanınız olmuşdur.

Qeyd olunan sənədlərdə “Qadınlar üzrə komissiya”nın yaradılmasının aktuallığını şərtləndirən amillər geniş şəkildə əks olunur.

Asiya regionunda qadın hüquqlarının qorunması və gender ayrı-seçkiliyinin aradan qaldırılması yönündə müəyyən tədbirlərin həyata keçirilməsinə, bir çox səylərin göstərilməsinə baxmayaraq, hələ də ciddi problemlərin olduğu şübhəsizdir.

Təəssüf ki, Asiya hazırda dünyanın ən qeyri-sabit bölgələrindən birinə çevrilib və burada baş verən regional münaqişələr, silahlı toqquşmalar zamanı zorakılıq halları eyni zamanda, dinc əhaliyə qarşı da tətbiq edilir. Silahlı münaqişələr zamanı qadınlar və uşaqlar ən həssas sosial qrupa çevrilir. Onlar zorakılığın, hüquq pozmalarının nəticələrini yaşayır, qaçqınlıq, yaşayış yerlərinin, yaxın qohumlarının itirilməsi, yoxsulluqdan və ailələrin dağılmasından əziyyət çəkir.

Münaqişələr qızlara, ümumən qadınlara qarşı ayrı-seçkiliyin öncələr mövcud olan formalarını daha da kəskinləşdirir və onları daha böyük ölçüdə insan hüquqlarının pozulması riski ilə üz-üzə qoyur.

Asiya regionunda həmçinin qadın alveri, qadınlara qarşı şiddət, məişət zorakılığı, qızların təhsildən yayındırılması, erkən nikahların mövcudluğu, cinsi seleksiya (cinsi ayrı-seçkilik əsasında abortların edilməsi) kimi hallar olduqca geniş yayılıb.

Diqqətinizə təqdim etdiyimiz konseptual sənəddə biz Asiya regionunda qadın hüquqlarının pozulması və qadınlara qarşı zorakılığa dair BMT-nin ixtisaslaşmış qurumlarının rəsmi hesabatlarına əsaslanan müvafiq statistik məlumatları təqdim edirik.

Sözsüz ki, çağdaş dövrdə qadın hüquqlarının pozulması və gender ayrı-seçkiliyinin mövcudluğu insan hüquqları sahəsində ən böyük problemlər sırasındadır.

Əminik ki, dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qeyd olunan problemlərin həlli ilə bağlı təcili tədbirlər görülməsə, mövcud durumun ağırlaşması riski artacaq.

Biz APA üzvləri olaraq, Asiya ölkələrində qadın hüquqlarının pozulması və gender ayrı-seçkiliyinin yetərincə ciddi problem olduğunu dərk edərək, mövcud problemlərin çözülməsi yönündə əlimizdən gələni etməliyik. Bu kontekstdə APA çərçivəsində “Qadınlar üzrə komissiya”nın yaradılmasını məqsədəuyğun hesab edirik.

Yaradılacaq yeni təsisat qadın hüquqları və gender bərabərliyi ilə bağlı problemlərin sistematik olaraq gündəmdə saxlanılması üçün effektiv mexanizm kimi çıxış edə bilər.

Əminəm ki, “Qadınlar üzrə komissiya”nın yaradılması qadın hüquqları və gender bərabərliyi ilə bağlı problemlərə diqqəti cəlb etmək üçün APA-ya üzv olan parlamentarilərin səylərinin, resurslarının səfərbər edilməsinə, bu məsələ ilə bağlı sistematik maarifləndirmənin artırılmasına, qadınların siyasi, iqtisadi, sosial, mədəni və vətəndaş hüquqlarını tam həyata keçirmələri üçün şəraitin yaradılmasına xidmət edəcəkdir. Bu, həmçinin, üzv dövlətlərdə qadınların durumu haqqında məlumatlılığın artırılmasına, zorakılığa, gender ayrı-seçkiliyinə son qoymaq məqsədilə qadınların müdafiəsi üçün hüquqi bazanın gücləndirilməsinə, onların durumunun yaxşılaşdırılmasına yönəlmiş layihə və tədbirlərə rəvac verəcəkdir. Biz bu komissiyanın yaradılması və fəaliyyətinin təşkili sayəsində, qadınların vəziyyətini yaxşılaşdırmaq üçün milli institutların gücləndirilməsinə, APA-nın fəaliyyəti çərçivəsində gender bərabərliyi məsələlərinin nəzərə alınmasına inanırıq.

Komissiyanın funksiyaları və fəaliyyət mexanizmlərinə gəldikdə, komissiya üzv dövlətlərdə mövcud olan qadın hüquqları və gender bərabərliyi ilə bağlı duruma dair bilgi toplama mexanizmi rolununu oynaya bilər. Həmçinin, inanırıq ki, yeni təsisat APA çərçivəsində qadın hüquqları və gender bərabərliyi ilə bağlı problemlərin müzakirə olunması, məruzələrin dinlənilməsi, qətnamə layihələrinin, tövsiyələrin qəbul olunması, mövcud problemlərin həlli prosesinə tohfə olar. Komissiya Assambleyaya üzv dövlətlərdə qadınların durumu ilə bağlı illik hesabatların hazırlanmasını təşviq edə, plenar iclaslarda üzv dövlətlərdə qadın hüquqları və gender bərabərliyi ilə bağlı məruzənin təqdim edilməsini təmin edə bilər. APA-da nümayəndə heyətlərinin tərkibi ilə bağlı gender kvotalarının tətbiqinə dəstək olmaq, qadın deputatlara dəstək mexanizmi təşkil etmək, milli parlamentlərdə mövcud olan qadın məsələləri üzrə komitələrlə APA arasında əlaqələrin yaradılmasını təşviq etmək, müvafiq seminarların, məsləhətləşmələrin keçirilməsi baxımından da Komissiya səmərəli ola bilər.

Qətnamə layihəsində həmçinin, yeni yaradılacaq komissiyanın strukturuna həsr olunan bir müddəa mövcuddur. Belə ki, komissiyanın APA-ya üzv olan hər parlamentin bir nümayəndəsindən ibarət olması təklif olunur. Komissiyada ədalətli coğrafi bölgü nəzərə alınmaqla sədr, sədr müavini və məruzəçinin seçilməsi nəzərdə tutulur. Sədr, sədr müavini və məruzəçi APA üzvləri arasından konsensus əsasında iki illik səlahiyyət müddətinə seçiləcək. Komissiyanın illik iclasının son plenar iclasa evsahibliyi edən üzv parlament tərəfindən çağırılması nəzərdə tutulur. Sədr və Daimi katibliyin qarşılıqlı razılığı əsasında komissiya iclasının digər üzv parlamentdə keçirilməsi də mümkündür (Komissiyanın illik iclasının keçirilməsi ilə bağlı müddəa APA-nın plenar iclas reqlamentinin 15.3-cü maddəsinə əsaslanır).

Qeyd etmək istərdim ki, qətnamə layihəsinin strukturu ilə bağlı olan müddəa APA Katibliyi ilə məsləhətləşmə sonucunda formalaşıb.

Düşünürəm ki, komissiyanın yaradılmasının önəmini hər birimiz dərk edirik. Yeni struktur real olaraq təşkilatın fəaliyyətini canlandıracaq, effektivliyini artıracaq, Asiya ölkələrində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına önəmli töhfə verəcək. Bu isə bizlərdən asılıdır. Bu işdə bizə dəstək olacağınıza inanıram.

Hər birinizə öncədən təşəkkürümü bildirirəm”!

 

visiontv.az