Ermənistanın işğalı altında olmuş ərazilərimizi azad etdik, ədaləti bərpa etdik, ləyaqətimizi bərpa etdik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.
“Müstəqilliyimizin 35 ili ərzində hər zaman məqsədlərimizə nail olacağımıza inanırdıq. Bu illərin mütləq əksəriyyətində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi idi. Çoxlarınızın bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar formatı elə qurulmuşdu ki, münaqişənin həlli nəzərdə tutulmur, əksinə, onun dondurulması planlaşdırılırdı. Görünür, dünyanın aparıcı gücləri arasında bu məsələdə konsensus mövcud idi. Lakin onların yanlış hesablaması yalnız Azərbaycan xalqının nə düşündüyü və Azərbaycan hökumətinin hansı planları olduğu ilə bağlı idi. Biz işğal olunmuş ölkə, elementar insan hüquqları əbədi olaraq pozulan xalq kimi qalmaq niyyətində deyildik. Danışıqlarda bütün səmimiyyətimizlə və ümidlərimizlə iştirak etdik. Lakin bu prosesin heç bir nəticəyə gətirib çıxarmadığını gördükdə, qanuni hüquqlarımızı, o cümlədən BMT Nizamnaməsini və onun 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu nəzərə alaraq, məsələni həll etmək qərarına gəldik.
Biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik, 32 il ərzində Ermənistanın işğalı altında olmuş ərazilərimizi azad etdik, ədaləti bərpa etdik, ləyaqətimizi bərpa etdik və beynəlxalq hüququn tələblərini yerinə yetirdik. Bunu etməklə, 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz həyata keçirdik. Halbuki həmin qətnamələr 30 il ərzində kağız üzərində qalmışdı”, - dövlət başçısı qeyd edib.
visiontv.az