İordaniya Həmüd kəndində yerləşən Müqəddəs Georgi pravoslav kilsəsinə təşkil edilən silahlı basqına cavab olaraq Suriyanın cənub ərazilərinə hava zərbələri endirib. Hücum nəticəsində səkkiz nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.
Bu barədə ölkənin Silahlı Qüvvələrinə istinadən "Petra" dövlət xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, "İordaniyanın qisası - Həmüd" əməliyyatı çərçivəsində hava zərbələri oktyabrın 26-da axşam saatlarında gerçəkləşdirilib. İordaniya hərbi qüvvələrinin verdiyi bəyanata əsasən, əsas hədəflər Suriyanın cənub hissəsindəki silahlı birləşmələrin gizləndiyi yerlər olub. Hücum zamanı müxtəlif obyektlər və hərbi texnika sıradan çıxarılıb. Silahlı dəstə üzvləri arasında ölən və yaralananların olduğu bildirilsə də, itkilərin dəqiq sayı və qruplaşmaların adları barədə məlumat verilməyib.
Bununla belə, Suriya tərəfi hücumlar nəticəsində dinc sakinlərin həlak olduğunu bəyan edib. Əldə edilən son məlumatlara əsasən, hava zərbələri üçü uşaq olmaqla ümumilikdə səkkiz nəfərin ölümünə səbəb olub. Daha dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Suriyanın keçid hökuməti hava hücumlarının Dəməşqlə əvvəlcədən razılaşdırılmadan həyata keçirildiyini bəyan edib. Suriya hakimiyyəti hadisə ilə bağlı araşdırmaya başlayıb və sərhədyanı ərazilərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə qonşu dövlətlərlə fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Vəziyyətin gərginləşməsi fonunda Suriya tərəfi İordaniya ilə sərhəddə yerləşən "Nəsib" sərhəd-keçid məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Hər iki istiqamətdə həm sərnişin, həm də kommersiya nəqliyyatının hərəkətinə məhdudiyyət qoyulub. İordaniya bu zərbələri kilsəyə edilən hücuma cavab olaraq endirdiyini bildirib. Qeyd edək ki, əməliyyatın keçirilməsinə əsas səbəb oktyabrın 23-də İordaniyanın Hamud kəndindəki Müqəddəs Georgi pravoslav kilsəsinə edilən silahlı hücum olub. Həmin terror aktı zamanı doqquz nəfər ölmüş, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Əmman bu hücumu Suriya ərazisində fəaliyyət göstərən silahlı dəstələrlə əlaqələndirib.İordaniya Kralı II Abdullah günahkarların ən sərt şəkildə cəzalandırılacağına söz verib.
visiontv.az