“Yüksək səviyyədə həmrəyliyimiz, qarşılıqlı hörmətimiz və anlaşmamız var. Hamımız milli ideyalarımız ətrafında birləşmişik. Bu ideyalardan biri də Azərbaycanın bütün xalqlarını özündə birləşdirən azərbaycançılıqdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.
Dövlət başçısı bildirib ki, bu birlik müstəqillik tariximizin ən çətin dövrlərində özünü nümayiş etdirib.
“Hərbi təcavüz və Ermənistanın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri vahid dəmir yumruq kimi birləşərək kimliyimizi qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək uğrunda mübarizə aparıblar. Bu birlik, əslində, qələbəmizin rəmzinə çevrilmişdi.
Beləliklə, birliyin bu möhtəşəm nümayişi cəmiyyətimizin mahiyyətini bir daha ortaya qoyur. Bir daha qeyd edirəm ki, əgər Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmətin hökm sürdüyü, hər kəsi əhatə edən həqiqi platformamız olmasaydı, biz heç vaxt uğur qazana bilməzdik. Əsrlər boyu bu dəyərləri qoruyub saxlaya bildiyimiz üçün çox qürur duyuruq.
Bir çox əsrlər ərzində Azərbaycan dövlətçilik tariximizin əvvəlki dövrlərində çox zəngin dövlətçilik ənənələrinə malik olmasına baxmayaraq, dövlətçiliyindən məhrum edilib. Son bir neçə əsr ərzində müstəqil olmamışıq, lakin yaşamaq məcburiyyətində qaldığımız sistemdən asılı olmayaraq, öz dəyərlərimizi, dilimizi, ənənələrimizi və həyat tərzimizi qoruyub saxlamağı bacarmışıq”, - deyə Prezident vurğulayıb.
visiontv.az