Pekində Əraqçi-Van İ görüşü: Çin Hörmüz boğazının açılmasına çağırır
06.05.2026

Çinin xarici işlər naziri Van İ Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına, ABŞ və İranın Hörmüz boğazında keçidi "mümkün qədər tez" bərpa etməsinə çağırıb.

Pekində Van İ ilə iranlı həmkarı Abbas Əraqçi arasında danışıqlarından sonra Çin Xarici İşlər Nazirliyi (XİN) mayın 6-da bəyanat yayıb: "Çin hesab edir ki, hərbi əməliyyatların tam dayandırılması zəruridir, münaqişənin yenidən başlaması qəbuledilməzdir və danışıqların davam etdirilməsi xüsusilə vacibdir".

Bəyanatda Pekinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu dəstəklədiyi vurğulanıb.

İran XİN görüşdən sonra bildirib ki, Tehran öz milli maraqlarını müdafiə etməklə yanaşı, diplomatiyaya da sadiq qalır. "Danışıqlarda qanuni hüquq və maraqlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edəcəyik", – Əraqçi yarı-rəsmi ISNA agentliyinə deyib. Onun sözlərinə görə, Tehran Vaşinqton ilə yalnız "ədalətli və hərtərəfli" razılaşmanı qəbul edəcək.

Əraqçinin səfəri ərəfəsində ABŞ dövlət katibi Marko Rubio Pekinin Tehrana birbaşa xəbərdarlıq edəcəyinə ümidvar olduğunu bildirmişdi. Rubionun fikrincə, Çin tərəfi İranın Hörmüz boğazındakı addımlarının rəsmi Tehranı qlobal təcridə sürüklədiyini diqqətə çatdırmalıdır. Dövlət katibi həmçinin vurğulayıb ki, mövcud vəziyyət Çinə də mənfi təsir göstərir; belə ki, qlobal daşımaların pozulması birbaşa ixracdan asılı olan Çin iqtisadiyyatına zərər vurur.

visiontv.az