Nazir: Qırğızıstan Qarabağda bərpa işlərində iştirakını davam etdirməyə hazırdır
18.05.2026

Qırğızıstan Qarabağda həyata keçirilən bərpa işlərində iştirakını davam etdirməyə hazırdır.

Bunu  açıqlamasında  Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri  Nurdan Oruntayev bildirib.

“Ötən il hörmətli  Prezident  Sadır Japarovun tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yeni müasir məktəb tikilib. Gələcəkdə də digər layihələri nəzərdən keçirməyə hazırıq”, – o qeyd edib.

Qırğızıstan nümayəndə heyətinin rəhbəri  Azərbaycan təcrübəsinin onlar üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və tikinti layihələrinin diqqətlə izlənildiyini vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycanda keçirilən  WUF13 forumu yüksək səviyyədə təşkil olunub və iştirakçılar üçün mühüm təcrübə mübadiləsi platformasına çevrilib.

“Forum çox yaxşı səviyyədə keçirilir. Tədbir ən yüksək səviyyədə təşkil olunub. Bu gün burada bütün iştirakçılar tikinti və şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq imkanı əldə edir”, – nazir bildirib.

O qeyd edib ki, Qırğızıstan pavilyonu forum iştirakçılarının böyük marağına səbəb olub. Pavilyonda tullantıların emalı zavodu, iri sağlamlıq kompleksi və Bişkekdə həyata keçirilən yaşayış layihələri təqdim edilir.

Azərbaycanın  şəhərsalma və tikinti təcrübəsindən danışan nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakı ilə Bişkekin oxşar seysmik zonalarda yerləşməsi əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycanda artıq bir sıra müasir layihələr həyata keçirilib. Bakı da Bişkek kimi 8-9 ballıq seysmik zonada yerləşir. Buna görə də seysmik tikinti sahəsində Azərbaycanın  təcrübəsi bizim üçün çox vacibdir”.

visiontv.az