BMT Baş katibi: Mənzil məsələsi dayanıqlı inkişafın mərkəzində dayanmalıdır
18.05.2026

"Mənzil məsələsi dayanıqlı inkişafın mərkəzində dayanmalıdır".

 Bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi  Antonio Quterreş Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasiminin iştirakçılarına videomüraciətində deyib.

BMT Baş katibi bildirib ki, Yeni Şəhər Gündəliyinin 10 illik icmalı mühüm mərhələdir və bu dövrdə əsas diqqət təhlükəsiz, əlçatan və münasib qiymətə mənzil təminatının genişləndirilməsinə yönəlməlidir.

“Mənzil insan hüququdur və insan ləyaqətinin əsas elementidir. Ümumdünya  Şəhərsalma Forumu onu hamı üçün ortaq reallığa çevirmək üçün katalizator olmalıdır”, – Quterreş vurğulayıb.

O qeyd edib ki, qeyri-formal yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası, həmçinin sosial gərginliyi artıran bərabərsizliklərin aradan qaldırılması qlobal prioritetə çevrilməlidir.

BMT  Baş katibi çıxışında beynəlxalq ictimaiyyəti birgə fəaliyyətə çağırıb: “Birlikdə dünyanı mənzillə təmin edə və heç kəsi geridə qoymaya bilərik”.

visiontv.az