Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) müzakirə olunan innovativ yanaşmalar və ən yaxşı təcrübələr Kanadada mənzil problemlərinin həllinə töhfə verə bilər.
Bunu açıqlamasında WUF13 çərçivəsində Kanadanın Mənzil və İpoteka Korporasiyasının (CMHC) siyasət üzrə vitse-prezidenti Lindsay Neeley deyib.
O bildirib ki, Kanadada gəlirlərlə mənzil qiymətləri və kirayə haqları arasındakı fərqin artması mənzil əlçatanlığı problemini daha da kəskinləşdirir. Bu vəziyyət xüsusilə əhalinin ən həssas qruplarına ciddi təsir göstərir.
“Bu gün mənzil böhranı təkcə Kanadanın problemi deyil, qlobal çağırışdır”, – deyə Lindsay Neeley bildirib.
CMHC rəsmisi qeyd edib ki, WUF13 müxtəlif ölkələrin üzləşdiyi oxşar problemləri və onların həlli yollarını öyrənmək üçün mühüm platformadır.
“Bakıda olmaq və digər ölkələrin təcrübəsini öyrənmək bizim üçün çox dəyərlidir. Növbəti günlərdə mənzil problemlərinin həlli üçün tətbiq edilə biləcək yeni ideyalar və innovativ yanaşmalar haqqında daha çox məlumat əldə edəcəyimi gözləyirəm”, – deyə o vurğulayıb.
Lindsay Neeley əlavə edib ki, forumda əldə olunan bilik və təcrübə Kanadada daha effektiv mənzil siyasətinin formalaşdırılmasına dəstək verəcək.
visiontv.az