Məhsəti Gəncəvi ilə bağlı yaradılmış süni ajiotaj əsasən cahillikdən və bilməməzlikdən qaynaqlanır. Bir çoxları şairi məhrəm məzmunlu rübailər yazmaqda suçlayır, ona aid edilən farsca rübailərdən sitatlar gətirirlər. Gözəyarı araşdırma apardıqda isə qaranlıq mətləblərin üzərinə işıq düşür. Bəli, mən də təsdiq edirəm ki, Məhsəti Gəncəviyə aid edilən və bir sıra qərb ədəbiyyatşünaslarının əsərlərində qeyd olunan nəzm nümunələri var ki, hədsiz açıq-saçıqdır və əxlaqi normalara sığmır. Lakin bu nümunələrin məhz Məhsəti Gəncəvinin qələmindən çıxdığını isbat edən heç bir dəlil-sübut, onun özünə məxsus heç bir orijinal əlyazması yoxdur. Yəni qısacası, Məhsətinin intim şeirlər yazdığını iddia edən kəs ilk növbədə onun öz əlyazmasını ortaya qoymaq zorundadır, hansısa qərb tədqiqatçısının fikrini yox. Bu məsələnin bir tərəfi.
Məhsəti Gəncəvinin özünün yazdığı ədəbiyyat tarixindən artıq məlum olan rübailərə gəlincə, burda da hər zaman zahirə baxıb dərin mətləblərə varmaq istəməyən toplum yanlış önyarğılı mövqe sərgiləyir. Ədəbiyyatşünaslarımızın da böyük bir hissəsi təəssüf ki, hər şeyə zahirdən baxır, və necə deyərlər “aşıq gördüyünü çalar” prinsipi ilə mövqe bildirir. Diqqətdən qaçan məqam nədir? Orta əsr şərq ədəbiyyatında bizlər zahiri məzmunlu əsərlərdən qat-qat çox dərin batini məna yükü daşıyan əsərləri görə bilərik. Sufi İslamının geniş yayıldığı bu dövrlərdə sufi ədəbiyyatı özündə batini hikmətləri ehtiva edirdi. 100 il sərasər bu topluma onu aşıladılar ki, Seyyid İmadəddin Nəsimi “Hardasan” qəzəlini ya arvadına, ya sevgilisinə yazıbmış, halbuki “Gözlərim nuru, iki aləmdə varım, hardasan” misrası kiminsə sadəcə bu dünyadakı yarına aid ola bilməzdi. Eynilə bu cür də, Məhsəti Gəncəvidə batini hikmətləri görə bilməyən çoxluq onun əsərlərində nəfsani və ya “göbəkdən aşağı” motivlər axtarır. Məhsəti Gəncəvi Sufi Əxilər təriqətinin üzvü idi. Ona aid edilən bir çox “intim” rübai əslində ruhi eşqi bədən metaforunda izah edir. Sufilikdə insan bədəni, dodaq, şərab, saç, pərvanə, toxunuş – cinsi məna deyil, İlahi eşqin simvolizmidir. Sufi şeirində məhrəm məzmun (erotika) ilahi qovuşmanın bədən metaforudur.
Mən uzun-uzadı yazmayacağam. Sufi ədəbiyyatındakı ayrı-ayrı söz və ifadələrin batini məzmunlarını bilməyənlər lütfən hansısa dahinin nəzm nümunələrini bu günün gözüylə təftiş etməsinlər. Məhsəti Gəncəvinin bir rübaisinin təhlilinə hamılıqla diqqət yetirək və düşünək. Farsca orijinalını şəkildə təqdim etdiyim rübainin həm zahiri (hərfi) tərcüməsini, həm də batini izahını dərindən düşünə bilən insanlara ünvanlayıram. Həmçinin Sufi ədəbiyyatında ayrı-ayrı söz və ifadələrin batini mənasını gördüyünüz cədvəldə qeyd edirəm. Nəticə çıxarmağı sizlərin öz ixtiyarına verirəm. Oxuyaq və bir daha özümüzə eyni sualı verək: həqiqətənmi Məhsəti Gəncəvi açıq-saçıq rübailər yazıb?!
Rübainin hərfi tərcüməsi:
Gecəydi, o ay işığında dayanmışdı,
Mən pərvanə kimi başının üstündə fırlanırdım.
“Qanadımı oxşa” dedim.
Dedi: “Qanadını sinəmə sığışdıraram!”
Batini (sufi) izahı:
Gecənin sükutunda nur (Haqq) qarşısında dayanmışdım,
Mən, pərvanə tək Onun ətrafında vurnuxurdum.
“Məni özlüyümdən azad et” dedim,
Dedi: “Səni zatımda əridib yox edərəm.”
Qadın bədəni ilə sufi simvolizmi üst-üstə düşdükdə həmin əsəri Qadın yazdığı üçün zahiri anlam daha çox diqqət çəkir. Orta əsrlərdə qadınlar üçün sufi dili tabu idi. XII əsri bir anlıq təsəvvür edək. İctimai həyatda qadının demək olar ki heç bir rolunun olmadığı qaranlıq bir dövrdə Məhsəti kimi bir qadın şairə bu qədər cəsarətlə ortaya çıxaraq dərin məzmunlu rübailər yazıb və bu şeirlər onu sufilər arasında geniş miqyasda tanıdıb. Ona “damğa” vurmağa çalışanlar isə zahirdən başqa heç nəyi görə bilməyən şəriət mollaları və onların ardıcılları idi. Beləliklə, mistik məzmunlu məhrəm şeir nümunələri cahil toplumun nəzərində həmin qadın şairə barədə mənfi reputasiyaya rəvac verib. Halbuki qadın öz səsi ilə ruhi eşqi bədən dilində ifadə edirdi.
Tarixçi Jeyhun Bayramlı
visiontv.az