Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin 11-22 noyabr tarixində Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək.
Azərbaycan bu istiqamətdə hazırlıq işlərini tam sürətlə davam etdirir. İndiyə qədər ayrı-ayrı dövlət və hökumət başçılarına dəvətlər göndərilib, bəşəriyyət üçün qlobal problem kimi xarakterizə edilən iqlim dəyişikliklərinin müzakirə ediləcəyi COP29-un məqsəd və məramı anladılıb. Rəsmi məlumatlara görə, bu beynəlxalq tədbirə ən azı 80 min xarici qonaq qatılacaq.
Onlardan biri də İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanidir. Ötən ay Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov COP29-a dəvət məktubunu şəxsən ona çatdırıb. Tədqiqatçı-alim Adıgözəl Məmmədov İraq Kürdüstanı, Bərzanilər ailəsi, onların Azərbaycanla əlaqələrinin tarixi və digər məsələlərlə bağlı Medianews.az-ın suallarını cavablandırıb.
– Adıgözəl müəllim, Bərzanilər ailəsini yaxından tanıyan və araşdıran tanınmış tədqiqatçılardansınız. Bu ailəni, tayfanı Azərbaycanla nə bağlayır?
– Bu gün İraq Kürdüstanı regionda olan neft ölkələri kimi təbii sərvətlərindən bəhrələnmək istəyir. Bu proseslərdə strateji müttəfiqləri ilə regionun aparıcı oyunçusuna çevrilməyə çalışır. Bölgənin kürd liderləri, xüsusən də Bərzani ailəsi regiondakı Rusiya və ABŞ ziddiyyətini nəzərə alaraq, bu qarşıdurmadan zərərsiz çıxmağa çalışır. Bərzani kürdləri Yaxın Şərqdə ən nüfuzlu və böyük etnik əşirət sayılır. 1991-ci ilin Körfəz müharibəsindən sonra onlara İraqın Şimalında muxtariyyət verilib. Onu da xatırlamaq yerinə düşər ki, XX əsrdə Kürdüstanın tarixində danılmaz rolu olan iki şəxs var. Onlar Molla Mustafa Bərzani və oğlu Məsud Barzanidir. Ümumiyyətlə, Bərzanilər İraq Kürd Muxtariyyətinin qurucularıdır. Hazırda kürd muxtariyyətinin baş naziri və hakim Kürdüstan Demokrat Partiyasının lideri Məsrur, Məsud Bərzaninin oğlu və Molla Mustafa Bərzaninin nəvəsidir. Buna qədər o, kürd muxtariyyətinin Təhlükəsizlik Şurasının sədri və kürd silahlı gücü olan Peşmərgənin əsas komandanlarından biri idi. Bax burada bir tarixi həqiqətin deyilməsinin zamanın çatdığını düşünərək qeyd etmək istəyirəm ki, 1947-ci ildə Bərzani tayfasının tam məhv olma təhlükəsindən xilas edilməsində o dövrün Azərbaycan rəhbəri Mir Cəfər Bağırovun xüsusi rolu var.
Bu məsələ ilə bağlı M.C.Bağırovun İosif Stalinə müraciəti arxivdə saxlanılır. Cənubi Azərbaycanda istiqlalımıza son qoyulan günlərdə M.C.Bağırov Stalinə yazır ki, “Molla Mustafa Bərzani öz tayfası ilə Azərbaycan – İran sərhədində dayanıb və onu tayfası ilə birlikdə Azərbaycana keçməyə qoymurlar. İranın Şimalına doğru hərəkət edən şah ordusunun onları son bir nəfərinə qədər məhv etmək təhlükəsi var. Əgər biz buna laqeyd qalsaq, bu, Sovet dövlətinin nüfuzuna böyük xələl gətirər”. Məhz bu məktubdan sonra Molla Mustafa Bərzaninin ailə üzvlərinin və tayfasının Sovet Azərbaycanına keçməsinə icazə verilib. Çünki, həmin il Mahabad kürd dövləti İran ordusu tərəfindən dağıdılıb və Mahabad Respublikasının bütün liderləri, o cümlədən müdafiə naziri Molla Mustafa Bərzani ailəsi ilə birlikdə SSRİ-yə sığınıb. Molla Mustafa Bərzani və onun silahdaşları Azərbaycanda bir müddət yaşayıb və Bağırovun qonağı olublar. Bu ailə 1958-ci ilə qədər SSRİ-də qalıb. Sovet və sonradan Rusiya ilə bu ailənin həmişə əlaqələri olub və bu gün də davam edir. Əslində isə bu amil indi də regionun kürd siyasətində əsas faktordur. Bunu biz Rusiya neft şirkətləri ilə İraq Kürd Muxtariyyətində neftin hasilatı ilə bağlı bağlanılmış müqavilələrdən görürük.
– Muxtariyyətin neft hasilatı baxımdan hansı potensialı və imkanları var?
– İraq Kürdüstanının sübut olunmuş neft yataqları 45 milyard bareldir. Amma ehtiyatda olan potensial yataqları nəzərə alsaq, bu rəqəm 115 milyard barelə qədərdir. Son illər aparılan geoloji axtarışlar nəticəsində 3 trilyon kubmetr qaz ehtiyatları da üzə çıxıb. Bu da ümumilikdə İraqın qaz ehtiyatlarının 90 faizi deməkdir. İraq Konstitusiyasının 113-cü Maddəsinə görə İraq Kürdüstanı hətta federal dövlət statusunda səlahiyyətlərə malikdir. İraq Kürdüstanı İraq Konstitusiyasına zidd olmayan müstəqil qanunvericiliyə, icraedici strukturlara, məhkəmə sisteminə, silahlı qüvvələrə, İraqın xaricdəki səfirliklərində öz nümayəndələrinə malikdir. Bu baxımdan 7 avqust 2007-ci ildə İraq Kürdüstanı hökumətinin təklifi əsasında parlament tərəfindən təsdiq edilmiş, Ərbil Dohuk və mübahisəli Kərkük ərazisindəki karbohidrat yataqları ilə bağlı qanun qüvvəyə minib. Düzdür, bu qanun mərkəzi İraq hökuməti tərəfindən İraq Konstitusiyasının 108-ci Maddəsi əsas gətirilərək tanınmayıb. Lakin məhz İraq Kürdüstanının bu addımından sonra Ərbil müstəqil şəkildə transmilli neft və qaz şirkətləri ilə müqavilələr imzalamağa başlayıb. Kürd Muxtariyyətinin enerji daşıyıcılarının nəqlində Türkiyənin rolu da əvəzsizdir. Mehriban rəqib olan Türkiyə ilə Rusiya bu məsələdə də üstüörtülü əməkdaşlıq edirlər.
– Söylədiklərinizdən belə məlum olur ki, Kürd Muxtariyyəti enerji siyasətini İraq hökuməti ilə hesablaşmadan, müstəqil şəkildə həyata keçirir?
– Bu gün Kürd Muxtariyyətinin enerji daşıyıcıları ilə bağlı siyasəti bir-neçə amilləri nəzərə almaqla həyata keçirilir. Bəzən bu siyasətə İraq Kürdüstanının siyasi rəhbərliyinin millətçi hissləri kölgə salsa da, mövcud geosiyasi reallıq yenidən praqmatizmə qayıtmağa məcbur edir. Bu praqmatik siyasət Orta Şərqdə həm Türkiyənin, həm də Rusiyanın varlığına xüsusi əhəmiyyət verilərək həyata keçirilir. Orta Şərqdə, Şimali Afrikada Ankara və Moskva arasında olanda ziddiyyət əsasən Avropanın daxili siyasətinə təsir göstərmək üçün onun iqtisadiyyatını formalaşdıran enerji dəhlizinə nəzarət etmək baxımından baş verir. Rusiyanın, xüsusilə Suriyadakı mövcudluğu onun Orta Şərqdə və Aralıq dənizində söz sahiblərindən birinə çevrilərək Avropaya qədər uzanacaq alternativ dəhlizə nəzarət etmək imkanını yaradıb. Faktiki olaraq, Rusiya, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt neft və qazın Avropaya daha yaxın olan Suriya üzərində ixracatının qarşısını alaraq, “Qoca qitə”ni bir çox hallarda daha ucuz başa gələn rusların enerji resurslarından asılı vəziyyətə salırlar. Rusiyanın bu strateji məqsədləri kontekstində onun ciddi şəkildə Türkiyə ilə tandemini, yaxınlaşmasını müşahidə edirik.
Əslində, Türkiyə heç də maraqlı deyil ki, Orta Şərqin və xüsusən də İraq Kürdüstanının enerji resursları onun ərazisindən keçməyən enerji dəhlizləri ilə, yaxud da Suriya üzərindən Avropaya çatdırılsın. Ona görə də bu gün Türkiyə məhz Rusiyanın köməyi və dəstəyi ilə yarana biləcək Suriya enerji tranzit xətti boyunca Avropa və ABŞ-nin yaratmağa çox çalışdığı Kürd zolağının qarşısını almağa çalışır. Rusiyanın bu siyasəti strateji məqsədlər baxımından Ankaranı Moskva ilə yaxınlaşdırır. Yəni, bu iki ölkə Orta Şərqin enerji resurslarının Suriya üzərindən və ya formalaşdırıla biləcək Kürd zolağı üzərindən ixracatında maraqlı deyil. Hətta Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir vaxtda belə, Ankaraya təzyiq göstərmək üçün Moskvanın kürdlərlə oynaması situativ xarakter daşıyırdı. Moskvanın mövcud şəraitdə kürdlərə dəstək verməsi Rusiyanın strateji məqsədlərinə ziddir. Regionun digər aparıcı oyunçusu İran isə öz daxilində baş verə biləcək separatizmin qarşısını almağa çalışır. Bu zaman Tehranın marağı kürd siyasəti baxımından həm Ankara ilə, həm də Moskva ilə tam üst-üstə düşür və strateji məqsədlərə cavab verir.
Visiontv.az