Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır
11.06.2026

Ukrayna Avropa İttifaqının ayırdığı vəsait hesabına “Patriot” raketləri almaq üçün Avropa Komissiyasını razı salmalıdır.

Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bu barədə Brüsseldə jurnalistlər üçün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Ukraynaya ayrılan ilk 5,9 milyard avroluq hərbi yardım əsasən pilotsuz uçuş aparatlarının tədarükü üçün nəzərdə tutulub. Əgər Kiyev bu vəsaitin bir hissəsini başqa silahların, o cümlədən “Patriot” raketlərinin alınmasına sərf etmək istəsə, məsələ  Avropa Komissiyası tərəfindən ayrıca qiymətləndiriləcək.

Bir müddət öncə  Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Kiyevin iyunun sonunadək 5,9 milyard avroluq hərbi yardım və 3,1 milyard avroluq büdcə dəstəyi alacağını bildirmişdi. Bu vəsaitlər Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq  Aİ maliyyə proqramının bir hissəsidir.

Qaydalara əsasən, həmin vəsait, ilk növbədə, Avropa İttifaqı ölkələrində istehsal olunan silah və hərbi texnikanın alınmasına yönəldilməlidir. ABŞ-dən və ya digər ölkələrdən silah tədarükünə yalnız  Avropada uyğun alternativ olmadıqda icazə verilə bilər.

visiontv.az