Mehr News xəbər verir ki, İranda dərman və tibbi avadanlıqlar üçün güzəştlərin ləğvi talassemiya xəstələrinin durumunu kəskin şəkildə ağırlaşdırıb. İran Talassemiya Assosiasiyası yaydığı bəyanatda bildirib ki, hökumətin yeni valyuta siyasəti 20 minə yaxın talassemiyalı uşağın #müalicəsini ciddi təhlükə altına salır.
Assosiasiya xəbərdarlıq edir ki, qərarın qəfil və izahsız şəkildə tətbiqi xüsusi xəstələrin həyatı üçün birbaşa risk yaradır. Qurumun məlumatına görə, bəzi xəstə ailələri müalicə xərclərini qarşılamaq üçün yüz milyonlarla tümən kredit istəməyə məcbur olub, bir qismi isə böyrək və digər orqanlarının satışına əl atıb.
Talassemiya Assosiasiyası məsələ ilə bağlı Parlamentin Səhiyyə və Tibb Komissiyasına məlumat verildiyini, cavabların və nəzarət mexanizmlərinin tətbiqinin gözlənildiyini bildirib. Qurum Prezident və hökumət rəhbərlərini xəstələrin problemlərinə dərhal müdaxilə etməyə çağırıb.
visiontv.az