İranın Xarici İşlər naziri Abbas Əraqçının Bakıya geniş diqqət çəkən səfəri ilə bağlı İrandakı bəzi anti-Azərbaycan ekspertlər və media əcaib iddia irəli sürüb.
Həmin iddiaya əsasən, dekabrın 7-də Bakıya gələn Əraqçını yüksək səviyyəli Azərbaycan rəsmilərindən heç kəs qarşılamayıb, yalnız Azərbaycanın İrandakı səfiri qarşılanma mərasimində iştirak edib.
Azərbaycan əleyhinə davamlı çıxışları ilə tanınan siyasi analitik Ehsan Movəhhediyan özünün “X” səhifəsində yazıb:
“Əraqçının Bakıya səfəri zamanı Əliyev hökumətindən hava limanına onu qarşılamağa gələn yeganə şəxs Bakının Tehrandakı səfiri olub. Hətta Bakının Xarici İşlər Nazirliyinin baş idarə rəisi səviyyəsində belə, kimsə xoşgəldin demək üçün hava limanına getməyib. Bu soyuq qarşılamanın mənası və nəticələri tamamilə aydındır. İranın ləyaqətini qorumaq üçün daha çox çalışın!”
Bu əsassız iddia İranın bir çox media vasitələrində və YouTube kanallarında da təkrar olunub və Əraqçının Bakı səfərində guya təhqir olunduğu barədə başlıqlar verilib. Lakin Abbas Əraqçının Bakıya gəlişini əks etdirən görüntülərə diqqətlə baxdıqda, bu iddianın ağ yalan olduğu üzə çıxır. Belə ki, həmin görüntülərdə Əraqçının hava limanında qarşılanmasında Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi Gürsel İsmayılzadənin də iştirak etdiyi aydınca görünür. Uzun müddət Azərbaycanın Yaponiyadakı səfiri olmuş İsmayılzadə bu yaxınlarda həmin vəzifəyə təyin olunub.
Əraqçının Bakıya gecə saatlarında gəldiyini nəzərə alsaq, bu cür qarşılanmanın tamamilə normal və protokola uyğun olduğunu söyləmək mümkündür. Görünən odur ki, Azərbaycan-İran münasibətlərində istənilən müsbət hadisə İrandakı anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir və onlar həmin hadisəyə kölgə salmaq üçün müxtəlif yalanlar uydurmaqdan belə çəkinmirlər.
visiontv.az