Qanunların əksəriyyəti 20–25 il əvvəl qəbul edilib və müasir çağırışları tam əks etdirmir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova Bakıda ilk dəfə keçirilən “Mədəniyyət və hüquq: Müasir Çağırışlar" Forumunda “Mədəniyyət və Hüquq” panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında” və “Kitabxana işi haqqında” qanunları 1998-ci ildə qəbul edilib və zamanın tələbləri ilə uzlaşmır.
“Mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Muzeylər haqqında” qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir. Bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsi mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olur”, - Gülər Mikayılova bildirib.
Şöbə müdiri onu da vurğulayıb ki, Azərbaycanın “Qeyri-maddi mədəni irsin qorunması haqqında” UNESCO Konvensiyasına 2006-cı ildən qoşulmasına baxmayaraq, tələblərə zidd olaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil: “Bir çox normativ aktların icrası üçün alt-mexanizmlər və icra standartları yetərincə dəqiq müəyyən edilməyib. "Teatr və teatr fəaliyyəti haqqında” Qanunun konseptual müddəaları mövcud praktika ilə tam uzlaşmır. Belə ki, Qanunda teatr sahəsində prodüser fəaliyyətinə dair tələblər nəzərdə tutulsa da, “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda prodüser vəzifəsi ümumiyyətlə göstərilmir ki, bu da hüquqi idarəetmə və əməyin normativ təsnifatı arasında uyğunsuzluq yaradır”.