İpoteka və Kredit Zəmanət Fondunun 10 milyonluq saytı niyə çökdü?
24.01.2020

Uzun illərdir, əhalinin arzusunda olduğu sistem - kirayə mənzillərin ipoteka və kredit yolu ilə əhaliyə verilməsi sistemi, demək olar ki, hazırdır. Hətta 22 yanvarda elektron müraciətlərin başlanacağı da elan edilmişdi. Lakin hər şey gözlənildiyi kimi olmadı.

Visiontv.az xəbər verir ki, sistem işə düşmədən çökdü və müraciət etmək mümkün olmadı.

İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayaraq yaranan problemi “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması ilə əlaqələndirib.

Hazırda “Elektron sistem”in dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyi bildirilib.

Elektron müraciətlərin qəbulu qeyri-müəyyən vaxta təxirə salınıb.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə problemi məsuliyyətsizliklə əlaqələndirib. O, e-gov sektorunda bunun ikinci dəfə baş verdiyini, buna baxmayaraq qabaqlayıcı tədbirlər görülmədiyini bildirib:

“Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi.

“Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Fikrimcə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi baş verənləri araşdırmalı və ciddi tədbirlər görməlidir.

Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının audit olunmaması, stress-test edilməməsi də doğru bir yanaşma deyil”.