Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
25.04.2024

Özbəkistanın Xalq şairi Erkin Vahidovun “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub.

Visiontv.az   AZƏRTAC-a istinadən xəbər verir ki, əsəri özbəkcədən  Azərbaycan dilinə tərcümə edərək genişhəcmli  “Ön söz”lə  çap etdirən filologiya elmləri doktoru  Almaz Ülvi Binnətova məlumat verib.

Almaz Ülvi Binnətova bildirib ki, Özbəkistanda bir neçə dəfə nəşr olunan “Söz lətafəti” kitabı xalq arasında, mətbuatda geniş müzakirələrə səbəb olub. Bununla bağlı tanınmış dilçilər, ədəbiyyatşünaslar, xarici alim və yazıçılar öz fikirlərini bildiriblər. Sənətkar bu əsərində hər kəlməmizə yeni həyat verib, sözlərimizin “əslini-zatını axtararaq yeddi arxa dönəninin izinə” düşüb. Olduqca maraqlı, tarixi köklərə bağlı duyğular və reallıqlar fövqündə “söz ilə sözləşib”.

Kitabın giriş hissəsində əsərin tərcüməçisi qeyd edir ki, dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” dastanında sözün gözəlliyi, incəliyi, saflığı haqqında yazdıqları el arasında hikmətli, nəsihətamiz, müdrik ifadələr kimi işlənir, bəlkə də hər gün min dəfə səslənir: “Erkin Vahidovun “Söz lətafəti” kitabını oxuduqca bu misralar elə hey fikrimdə dolandı. Sanki bu sətirlər əsərin ana xətti olub. Lətafətli sözlər seçilib və məhz dünyaya səpələnmiş əsli təmiz saf mirvarilərin (sözlərin) izi ilə suyuna-torpağına sahiblənir. İncə ruhlu, nəcib qəlbli şair Erkin Vahidov gözəl duyğu yaşantıları ilə öz ömrünü – yaradıcılıq dünyasını naxışlayıb.

Tərcümə zamanı  “Söz lətafəti”  ifadəsini  “Sözün lətafəti”  və  ya “Söz incəliyi”  kimi dəyişmək istədik. Çünki kitabda başdan sona kimi sözün incəliyi və sözün incələnməsindən bəhs olunur. Lətafət sözünün məna çalarlarına bir də nəzər saldıq: gözəllik, mülayimlik, incəlik, lətif görünüş, lətiflik və s. Hamısı müəllif fikrinə uyğun gəlir. Bir də sözün səs estetikası var. Nəhayət, Nizami Gəncəvinin söz hikmətinə Erkin Vahidov etibarı ilə güvənərək müəllif fikrinin orijinallığı üzərində dayandıq”.

O, daha sonra  yazır: “Əsəri oxuyarkən özünüzü sözlə dünyanı başdan-başa bəzəyən uçan bir xalça üzərində hiss edəcəksiniz. O xalçanın bütünlüklə milli ornamentlərlə süslənmiş naxışları səni sanki nağıllar aləminə aparacaq, bütün sözlərimizin tarixi kökləri, “əsil-nəcabəti” ilə tanış edəcək. Bu əsəri dönə-dönə oxudum, o qədər səmimi hisslərlə, şirin dillə, həssas eşqlə yazılıb ki, adam doya bilmir. Bu kitab vasitəsilə bir həqiqəti yenidən kəşf etdim ki, biz bir babanın övladlarıyıq. Çünki müəllifin məğzini açdığı sözlərin hamısı həm də Azərbaycan sözlərinin tarixi, “şəcərəsi, tərcümeyi-halı”dır. Oxuyun və dediyim həqiqətə özünüz şahid olacaqsınız. Əsərin dilçilərimiz üçün maraqlı olduğuna heç şübhə yox, eyni zamanda, kitabı əlinə alan hər kəs üçün də həm elmi, həm də bədii təxəyyül məhsulu olaraq qiymətli qənimət olacaqdır”.

visiontv.az