17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir
25.04.2024

SEPAH-ın 17 ildir itkin sayılan general-mayoru Əli Reza Əsgərinin ABŞ-də başqa adla yaşadığı məlum olub.

Oxu.Az bildirir ki,  “İran International”ın xüsusi hesabatında belə iddia irəli sürülüb.

Xüsusi hesabat ABŞ-nin üç kəşfiyyat mənbəsi, yüksəksəviyyəli Avropa diplomatik mənbələri ilə müsahibələrə əsaslanır.

Bildirilir ki, eksklüziv tapıntılara əsasən, İran rejiminin güclü hərbiləşdirilmiş qüvvəsində (SEPAH) xidmət etmiş Əli Reza Əsgəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA - MKİ) himayəsi altında yaşayır.

Məlumatlara əsasən, Əsgəri hələ 2005-ci ildə Tailandda ABŞ kəşfiyyatı tərəfindən fəaliyyətə cəlb edilib.

Əsgəri 2006-cı ilin sonlarında Türkiyəyə gedib və 2007-ci ilin əvvəlində həmin ölkədə yoxa çıxıb. 

O vaxtdan bəri mediada Əsgərinin taleyi ilə bağlı müxtəlif xəbərlər, o cümlədən onun Qərb casus agentlikləri tərəfindən qaçırıldığı barədə məlumatlar yayılmışdı. 

İndi məlum olur ki, keçmiş SEPAH generalı Türkiyəyə gəldikdən sonra öz razılığı ilə amerikalı əməliyyatçılar tərəfindən Almaniyadakı ABŞ hərbi bazasına aparılıb.

Təxminən iki ay sonra o, ABŞ-yə köçürülüb. Hazırda Əsgərinin MKİ-nin şahidləri müdafiə proqramı protokolları çərçivəsində fərqli ad altında həyatını davam etdirdiyi bildirilir.

Məlumat üçün deyək ki, Əsgərinin yoxa çıxmasından bir ay sonra Tehran bu barədə İnterpola xəbər verib.

İran rejimi onun yoxa çıxmasına görə qisasla və amerikalıları və israilliləri Avropa torpaqlarında qaçırmaqla hədələmişdi.

Əsgərinin 2007-ci ildə ABŞ-nin İrana hücum planlarından uzaqlaşdırılmasında mərkəzi rol oynadığı da qeyd olunur. 

Lakin o, iranlı nüvə alimi Möhsün Fəxrizadəni molla rejiminin hərbi və nüvə silahlarına rəhbərlik edən əsas fiqur kimi göstərib.

Xatırladaq ki, Fəxrizadə 2020-ci ilin noyabrında qətlə yetirilib.

visiontv.az