Eos və Tifon
25.04.2024

Eos qədim yunan mifologiyasında Şəfəq Tanrıçasıdır. Sabah erkəndən okeandan çıxan Eos, bənzərsiz gözəllikdəki Lampoze və Faetone atlarına qoşulmuş cəng arabasına minib göylərə yüksəlir, Kainatı aydınlığa çıxararmış.

Gözəllik Tanrıçası Afrodita Homerin “Gül Barmaqlı” adlandırdığı Eosu sevgilisinə qısqanır və onu lənətləyir. Eos artıq ancaq fani gənc oğlanlara rəğbət edir. Üzündəki al-qırmızılıq da keçirdiyi gecədən qaynaqlanırmış.

Eos bəyəndiyi gənci qaçırırdı. Və bir gün Troya Şahzadəsi Tifona (Tithonus) aşıq olur və onunla evlənir. Tifon o qədər yaraşıqlı bir oğlandı ki, Eos Göylər Tanrısı Zevsin ayağına gedir, Tifon üçün ölümsüzlük istəyir. Ancaq ölümsüzlüklə bərabər əbədi gənclik deməyi unudur. Uzun və mutlu bir həyatdan sonra Tifon yaşlanıb əldən düşür. Eos onu bir odaya qoyub, arxadan qapını kilidləyir. Rəvayətə görə tez-tez otaqdan qoca Tifonun zarıma səsləri gəlirmiş…

Eosla Tifon haradan ağlıma gəldilər.

Məsələ bundadır ki, pandemiyadan öncə dünyanın ən aparıcı tibb dərgiləri mütəmadi olaraq uzunömürlülük haqda ciddi elmi araşdırmalar dərc edir, uzun yaşamağa nail olarkən dinc və gənc qalmanın yolları haqda müxtəlif yazılar yazırdılar. Yaşlanmanı öyrənən və cəmi yüz il əvvəl yaranmış gerontologiya son zamanlar olduqca populyar bir elm sahəsi olmuşdu. Aradabir önümə çıxan məqalələrdə məşhur gerontoloq-alimlər yazılarına duz qatmaq üçün ölümsüz, amma ixtiyar Tifonun adını tələffüz etdiklərini görürdüm. Zəhrimara qalmış korona gerontoloqların da işinə əməllicə pəl qatdı.

Eosla Tifonun hekayəsini xatırlamam da bu səbəbdən oldu.

Eos – Roma mifologiyasında Avrora.

İbrahim Nəbioğlu

visiontv.az