Bu dəfə sağlığındakından fərqli çiçəkləri abidənin önünə qoyuruq
25.04.2024

Susuz Qırğız çöllərindəki yovşanların ətrini qələmlə ağ kağıza köçürüb qoxusunu sınırlar aşırı çatdıra bilən qüdrətli əttar-yazar, obrazlarının iç dünyasının dərinliklərindən boylanan insan portretlərini canlandıra bilən mahir rəssam-yazar, Manasla “Cəmilə” arasında mənəvi körpü quran memar-yazar, İssık-Kulun göz yaşıtək dupduru sularıda üzən günəş şəfəqlərinin hərarətini Dəşti-Qıpçağın Xəzər civarlarına daşıyan rüzgarlara nəğmə qoşan akın-yazar, gırğız qopuzunun ecazkar səsinin Tyanşan əzəmətində əks-sədası nəğməkar-yazar Çingiz Ayıtmatov!

Çoxdan “Ağ gəmi” nlə Xəzər adlı nəhri üzüb keçmişdin Qərb sahillərə, o “gəminin” duyğu yükündə “Köşək gözü” vardı. “Qırmızı yaylıqlı qovağım mənim”da heç qərib olmadı bu sahildə. “Ölüm kötüyü” də bəyənildi, “Gün var əsrə bərabər” də düşündürdü. Əsərlərinə təbliği, sevgini əsirgəmədi Azərbaycan xalqı. Türkün böyük oğlu deyib səni doğma Qırğıstanından kənarda ən çox biz təbliğ etdik. Dərsliklərimiz bol-bol yaradıcılığından söhbət açdı, nəşr evlərimiz əsərlərini cild-cild tirajladı. Və zaman gəldi dara düşdük, doxsanları yanvar dəhşətini yaşadıq. Yazarlarımız, ziyalılarımız dost qapısı döydü, susqunluğunu görüb dəvət göndərdi. Haqq səsimizə səs, mənəvi dəstək umduq. Cavabsız qaldı umacaqlarımız. Xocalı qətliamının fəryadı da eşidilmədi. Süküt və susqunluqla qarşılandı. Bu azmış kimi hələ bir saxta erməni əzabkeşliyi barədə dost dilindən ürəkyanğılı ifadələr də eşitdik.

20 yanvarı da, qətliamları da, torpaq itkisini də yaşadıq. Amma məğlub olmadıq, toparlandıq haqq etdiyimizi düşməndən geri aldıq. Güclü dövlət də qurduq, səsimizə səs verən dostlar da qazandıq.

Həmişə Bakıya gələndə pişvazına çıxıb qarşıladığımız kimi bu gün də baş kəndimizə gəlişini alqışlayırıq. Bu dəfə sağlığındakından fərqli çiçəkləri abidənin önünə qoyuruq. Bu abidə də qüdrətli bir nasir üçün Azərbaycan xalqının ucaltdığı töhfədir. Biz ədəbiyyata, mədəniyyətə, istedada qiymət veririk. Hətta dost olmasa belə.

Pərviz Yəhyalı

visiontv.az