ABŞ kəşfiyyatının hesabatına görə , Hizbullah Yaxın Şərqdəki son itkilərindən sonra səssiz və heç bir açıq reaksiya vermədən bərpa prosesinə başlayıb.Təşkilat raket imkanlarının artıq 40 faizini, şəxsi heyətin isə 30 faizini bərpa edib. Bundan əlavə, təlim keçmiş qrupların 45 faizi yenidən formalaşdırılıb. Hesabata əsasən, Hizbullah həmçinin döyüş taktikalarını dəyişərək müdafiə tədbirlərini gücləndirir.
Təqdim edilən rəqəmlər Hizbullahın yaxın gələcəkdə yenidən hücum potensialına sahib ola biləcəyini göstərir. Qısa müddətdə bu səviyyədə bərpa, təşkilatın logistika, insan resursları və xarici dəstək baxımından hələ də güclü olduğuna işarə edir. Hizbullah üçün şübhəsiz ki, ən böyük itki Suriyadakı Əsəd rejiminin çökməsidir. Məhz bundan sonra Hizbullah İranla əlaqəsində ciddi problem yaşayıb və silah təminatını istənilən səviyyədə həyata keçirə bilmir. Digər önəmli fakt isə təşkilata uzun illər rəhbərlik etmiş Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsidir. Nəsrullah təşkilatın daxilində birləşdirici fiqur kimi ortaya çıxmışdı. Həmçinin onun Livan dövlətini də təsir gücü var idi. Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın daxilindəki Livan və Suriya qanadı arasındakı uzun illik mübarizə yenidən alovlanıb. Həmçinin Livan hökuməti təşkilatın tərksilah edilməsi istiqamətində müvafiq hüquqi prosedura başlayıb. Bütün bunlar Hizbullahda ciddi qan itkisi yaranmasına səbəb oldu. Buna görə də təşkilat daha çox müdafiə mövqeyinə keçib. Təbii ki, bu qısamüddətli bir strategiyadır. Hizbullahın bir müddət sonra yenidən hücum taktikasına keçəcəyi şübhəsizdir. Hesabatdan görünür ki, təşkilat səhər döyüşləri üzrə təlimlər keçerək tunel şəbəkəsini genişləndirir. Həmçinin PUA - lardan istifadəni daha da gücləndirir ki, bu da hibrid müharibə ehtimalını artırır. Bütün bunlar onu göstərir ki, Hizbullah həm aktiv müdafiə, həm də hücum taktikası üzərində işləyir. Bu cür aktivliyin İsrailin Livan üzərinə hücumu barəsində xəbərlərlə eyni vaxtda düşməsi təsadüfi deyil. Görünür ki, Hizbullah İsraildən özünə qarşı böyük həmlə gözləyir və ayaqda qalmaq üçün öz daxilindən möhkəmlənməyə çalışır. Digər önəmli fakt isə şübhəsiz ki, Suriya məsələsidir. Müttəfiqi Əsədin hakimiyyətdən devrilməsindən sonra Hizbullah Suriyadakı şiə qrupların gücündən istifadə edərək bu ölkədə güclənməyə çalışır. Bu isə Əhməd Əl - Şaara hökumətini çətin vəziyyətə salır. Gələcəkdə münasibətlər normallaşarsa Dəməşq və Təl - Əviv arasında Hizbullaha qarşı ittifaq yarana bilər.
Politoloq Zeynal Əmrəliyev
visiontv.az