Ukraynadan sonra tələm-tələsik Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna X platformasında Ağrı dağının şəklini paylaşıb.
Bizim Ağrıya ermənilər “Ararat” deyirlər və bu deyim, sözügedən toplumun Urartu dövlətinin irsinə sahiblənmək iddialarından qaynaqlanır. Urartunun ermənilərlə yaxından-uzağa heç bir əlaqəsinin olmadığını dünya tarix elminin mogikanları sübuta yetiriblər və buna xüsusi vaxt ayırmaq niyyətindən çox uzağam. Hətta ömründə ilk dəfə erməni dilində bir neçə kəlmə eşidən istənilən şəxs “Ararat” və “Urartu” kəlmələrinin gəlmə qonşularımıza aidiyyatı olmadığını anlaya bilər. Ağrının adına bir neçə kar və cingiltili samitin bir-birinə möhkəmcə sürtüşməsindən əmələ hələn bir ad “qoysaydılar” yenə də cəhdlərini anlamaq olardı. Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir və bu isə dağa əsl sahiblərinin ad verdiyini istisnasız olaraq təsdiqləyir. Yer “ağrı” çəkib, vulkan püskürüb və nəticədə, kimlərəsə göz dağı olan Ağrı yaranıb.
Katrin Kolonnanın Ağrı dağının şəklini paylaşmasından da belə anlaşılır ki, Fransa da 44 günlük müharibənin ilk günündən başlayaraq, nöhkəmcə “ağrı çəkir”. Lokal aniterror tədbirlərindən sonra sancıları daha da güclənib. Zarıyır... Elə Ermənistan da Fransayla səs-səsə verib 23 saat 43 dəqiqəyə tarixin arxivinə gömülmüş 200 illik “təpəgöz” layihələrinin “gününə” zarıyırlar.
Bir müddət öncə ölkəsinin Laçın sərhəd-keçid məntəqəsinin yanında “kolona” düzülmüş humanitar yük şousundan nəsibini ala bilməyən Kolonna Ermənistana səfərdən öncə İrəvandakı səfirliklərinə hərbi attaşe təyin edəcəklərini, Sünikdə isə konsullaq açacaqlarını, hətta Ermənistanla hərbi əməkdaşlıqlarını gücləndirəcəyini bildirmişdi. Hərbi ataşşe təyinatının və konsulluq açmaq iddiasının perspektivi ilə bağlı hazırda konkret fikir söyləməyə çətinlik çəkməsəm də, Ketrin Kolonnanın iddialarıyla yanaşı, Fransanin müdafiə nazirinin mülahizələrində də yer alan hərbi əməkdaşlıq və hərbi ehtiyacların ödənməsi ilə bağlı prosesin hansı yolla həyata keçiriləcəyini müəyyənləşdirə bilmirəm. Ola bilsin ki, Qarabağda gizlənmək üçün siçan deyişı axtaran separatçı-terrorçular, müharibə cinayətkarları öz “təcrübə”lərini - əgər buna imkan tapsalar - rəsmi Parislə də bölüşəcəklər. Beləliklə “topal Mesrop”un Üçmüəzzindəki “qədim əlyazması”nda cizgiləri çəkilmiş lağımatma texnologiyası əsasında, yerin ən dərin qatlarıyla Fransadan Ermənistana yol çəkiləcək və bu yolla da hərbi texnikanın, silah-sursatın daşınmasını həyata keçirəcəklər. Deyəsən, Fransa prezidenti özündən əvvəlkilərinin əllərdə qalan qalstukundan heç bir nəticə çıxarmayıb. Yaxud hər zaman olduğu kimi Fransanın siyasi hakimiyyət orqanları sadəcə ağrı çəkirlər və ya ağrı çəkdiklərini imitasiya edirlər.
Fransız siyasətçilərinin, o cümlədən Ketrin Kolonnanın davranışları rəsmi Parisin uzun illərdən bəri düzüb-qoşduqları təxribat ssenarilərinin iflasa uğramasından aşırı qəzəbləndiklərini sübuta yetirir. 30 ilə yaxın davam edən münaqişənin bitməsi ilə Fransa kimi ölkələrin Cənubi Qafqaza müdaxilə etmək, milyonlarla insanın taleyi üzərindən geosiyasi oyunlar qurmaq niyyəti də və bu niyyətin qondarma doğulub qondarma ölən “nikahdankənar varis”inin yenidən doğulmaq, yaxud xortlamaq perspektivi də bitib. Axsaq (“artsax”) atın kor nalbəndliyini davam etdirənlər isə bic-vələdəzzina rejimlərinin öldüyünü çox yaxşı bilirlər, amma gerçəkliklə barışmaq istəmirlər. Ermənistanın da, Fransanın da ən böyük problemləri həqiqəti və reallıqları qəbul edə bilməmələri ilə bağlıdır. Bu amil özünü, təkcə Ketrin Kolonnanın Ermənistana 5 aylıq fasilə ilə gerçəkləşən növbəti səfərində deyil, həm də Fransanın Müdafiə naziri Sebastyan Lekornyunun yeni iddialarında da büruzə verir. Fransaın Ermənistanda indiyədək mövcud olmayan hərbi missiya açdığını bəyan edən Sebastyan Lekornyu bu missiyanın gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcəyini deyir. Yəni rəsmi Parisin, faktiki olaraq Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq niyyətində olduğunu açıqlayır. Hətta aktrisa Juli Qale ilə bağlı məcaralarına və açılan təzminat davalarına görə, kölgəyə çəkilən Fransua Olland da fəallaşıb. Fransanın sabiq prezidentinin qənaətinə görə, Ermənistandan imtina Paris üçün böyük biabırçılıq olaacaq və artıq Ermənistan sərhədlərinin müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”. Qəribədir, “müqəddəslik” və tarixi Azərbaycan torpaqları üzərinə zülmlə, qanla, soyqırımla, misli görünməmiş vəhşiliklərlə “qurulan” Ermənistanın “sərhədləri”... Bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən iki anlayış... Əslində təəccüblü deyil, Fransa tarixi boyu, soyqırım və insanlıq əleyhinə saysız-hesabsız cinayətlərlə müşahidə olunan müstəmləkəçilik siyasətini də, milyonlarla günahsız insanın qətli, öz ev-eşiyindən didərgin düşməsi ilə sonuclanan səlib yürüşlərini də, məhz “müqəddəslik” və “insanlıq” pərdəsi altında gerçəkləşdirib. Təsadüfi deyil ki, Fransanın soyqırım cinayətlərinin qurbanı olan 18 min insanın kəlləsinin “nümayiş etdirildiyi” müzey də “İnsan muzeyi” (Musée de l'Homme), adlanır...
Fransanın müstəmləkəçi siyasəti, tarix boyu kütləvi qətliamlarla, dəhşətli müharibə cinayətləri ilə müşaiyət olunan səlib yürüşləri, müharibə və münaqişələr üzərində qurulub. Cənubi Qafqazda xarici maraqların ifadəçisi olan, gah bu, gah da digər qütbün “ətəyinə bürünən” Ermənistanın sərhədlərinin “müqəddəs”liyindən söz açmaq isə Fransanın siyasi dairələrinin feodal dövrünün qaranlıqlarından qopa bilmədiklərindən, aşırı səlibçi təfəkkürlərindən xəbər verir. Görəsən, Azərbaycan torpaqlarını 30 il ərzində viran qoyan, azərbaycanlılara məxsus dini abidələri, qəbristanlıqları dağıdan, təhqir edən, insan sümüklərinə belə əzab verməkdən “zövq” alan ultramillətçi erməni təfəkkürü səlibçi, neokolonist fransız dünyagörüşü arasında hansı fərq var? Biri insan sümüklərini məzardan çıxarıb təhqir edir, digəri isə muzeylərdə nümayiş etdirir. Üslub fərqli olsa da, “əxlaq”, insana münasibət eynidir. 44 günlük müharibə dövründə işğalçılar, az qala geyimlərinin, hərbi texnikalarının hər yerinə xaç şəkli çəkərək, cinayət əməllərini dini ayrı-seçkilik kontekstindən təqdim etməyə, səlibçilərin dəstəyini qazanmağa çalışırdılar. Halbuki, heç bir din işğala, təcavüzə, qətliama, günahsız insanların öldürülməsinə haqq qazandırmır. Amma Fransanın davranışları Ermənistanın mülki insanların qətlə yetirməsinə, azərbaycanlılara qarşı soyqırım törətməsinə, Azərbaycan mədəniyyətinin izlərini halal torpaqlarımızdan silməsinə, məscidlərimizin təhqir edilməsinə haqq qazandırırdı və bu proses hələ də davam etməkdədir.
Neokolonializm müasir Fransanın, yenidən dünya gücü olmaq hikkəsindən və başqalarının ac-yalavac qalması hesabına “fransız xalqına kef çəkdirmək” həvəsindən qaynaqlanır. Və bu müftəxor, iyrənc istismarçılğın sərhədləri kiçildikcə, əli “müftə” sərvətlərdən üzülən, verdikləri vədləri, ənənəvi olaraq qəsb etdikləri milyardların hesabına həyata keçirə bilmədikləri üçün dünyanın dörd bir yanına nifrət püskürən fransız siyasətçiləri qəzəblərindən çat veririlər.
Fransanın sabiq prezidenti Jak Şirak bir zamanlar fransız xalqının Afrikanın amansızcasına istismarı və Afrika xalqlarının faciələri üzərində “kef çəkdiyinə” işarə edək deyirdi: “Tanrıya şükür, vəziyyət elədir ki, cüzdanımızdakı pulların çox hissəsi əsrlərdir istismar etdiyimiz Afrikadan gəlir”. Bəli, göründüyü kimi, Fransa prezidentləri başqalarını istismar etdiklərinə, milyonlarla günahsız insanı ac-yalavac qoyduqlarına görə Tanrıya şükr edirlər. Və bəzən mənə elə gəlir ki, Fransanın və Ermənistanın “Tanrı” anlayışı, dünyada yaşayan digər insanların Yaradanla bağlı təsəvvürlərindən tamamilə fərqlənir. Fransızların cüzdanındakı pulların əsrlərdir istismar edilən Afrikadan gəlməsi ilə öyünən, fərəhlənən bir dövlətdən və onun adları dəyişsə də əməlləri dəyişməyən başçılarından, siyasətçilərindən başqa nə gözləmək olar?
Fransa, indi Cənubi Qafqazda da artıq tamamilə iflasa uğramaqda olan, son akkordları çalınan “Afrika siyasəti” yürütməyə çalışır. Amma unudur ki, söhbət Qafqazdan gedir. Təfərrüatına varmıram, Bu gün Fransanın Qafqaza, heç Müsyö Jordan “libasında” daxil olmaq imkanı da yoxdur.
Ermənistan isə yenidən “forpost” olmaq istəyinə düşə, başqa bir qütbün, indi heç özünü də isidə bilməyən “qucağına” üz tuta bilər.
Qlobal və regional geosiyasi siyasi proseslərin kifayət qədər mürəkkəb bir dönəmdən keçdiyi zaman kəsiyində Fransanın Ermənistanda yeni hərbi missiya yaratmaqla bu ölkəni müharibəyə hazırlaması intihar hücumundan başqa bir şey deyil. Amma şübhə etmirəm ki, bu dəfə “intihar kəməri” Ermənistanın Fransa tərəfindən “müqəddəs” elan edilən, amma hələ də şərti olan sərhədləri daxilində “partlayacaq”. O zaman Fransanın başbilənləri qalstuklarını tez-tez dəyişməli olacaq, yaxud buna heç imkan belə tapmayacaqlar. Yəni Ermənistanın, öz təcavüzkar siyasəti nəticəsində uğradığı acı siyasi və hərbi məğlubiyyətindən nəticə çıxarmaması, bu ölkəyə ən yaxşı halda Livanın taleyini vəd edir.
Rəsmi Paris və bəzi qərb dairələri uzun illərdir ki, Ermənistanı Rusiya ilə qarşıdurmanın hərbi poliqonuna çevirməyə cəhd göstərirlər. 2018-ci ildən başlayaraq, bu proses fəal bir müstəviyə qədəm qoyub, 44 günlük müharibədən sonra isə “hərbi alternativ yaratmaq” müstəvisinə keçib. Fransa Ermənsitanda Rusiyaya qarşı hərbi alternativ roluna sahiblənmək istəyir ki, bunun da cavabı özünü çox gözlətməyəcək. Görünür Fransa siyasətçiləri Ermənistanın hansı bölgədə yerləşdiyinin fəraqinə varmaq istəmirlər və unudurlar ki, bölgədə regiondankənar qüvvələrin mövcudluğunda maraqlı olmayanların sayı kifayət qədər çoxdur. Həmçinin Fransa, sözün bütün mənalarında bölgəyə yad bir ölkədir və rəsmi Parisin iddiaları Ermənistanı ən yaxşı halda 1828-ci ilin “status”una qaytara bilər. Bu isə Fransanın “qarın” Ağrısından, sancılarından “Ermənistan vilayəti”nin doğulacağı ehtimalının gerçəkliyə çevrilə biləcəyindən xəbər verir. Hələliksə, Fransa Ketrin Kolonnanın timsalına X “divarına” Ağrı çəkir. “Ağrıyan” isə yenə Ermənistan olacaq...
Elçin Mirzəbəyli
visiontv.az