Amerika Erməniləri Milli Komitəsi (AEMK) Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Lobbiçilik fəaliyyəti göstərirlər. Qatı anti-türk mövqeyində olan təşkilatdır.
AEMK yenidən ermənipərəst (əslində pulpərəst) Amerika siyasətçilərini bir araya yığıb. Qanun layihəsi hazırlayıblar. Nə istəyirlər? İstəyirlər ki, D. Tramp administrasiyası Türkiyə və Azərbaycana qarşı sanksiyalar tətbiq etsin. Azərbaycan Artsaxın 120 min xristian ermənisinə qarşı genosid siyasəti yeridib. Ermənilərin bir qrupunu isə Bakıda girov kimi saxlayırlar. Ona görə də Azərbaycanın siyasi və hərbi rəhbərlərinin 50 faizinin adı Qlobal Maqnitski aktına salınmalıdır.
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişinə doğru son dərəcə ciddi bir addım atdılar. Şübhəsiz ki, AEMK bundan xəbərdardır. Erməni lobbisi onu da yaxşı bilir ki, prezident Tramp Ermənistan-Azərbaycan anlaşmasını özünün ən böyük siyasi uğurlarından bir hesab edir.
Deməli, Nikol Paşinyan administrasiyası Türkiyə və Azərbaycanla anlaşma içindədir. Ancaq erməni lobbisi, eləcə də Rusiyayönümlü Ermənistan müxalifəti bu prosesin qarşısını almağa çalışır. Əslində AEMK ABŞ-ın yanına can atan Ermənistanı Rusiyanın yanında qalmağa təhrik edir. Aydındır ki, AEMK-ının yeritdiyi bu siyasət nə ABŞ-ın, nə də Ermənistanın maraqlarına uyğun deyil. Və Amerikanın özünə siyasətçi deyən şəxsləri pula görə həm Amerikanın, həm də Ermənistanın əleyhinə fəaliyyət göstərirlər...
Dünya sürətlə dəyişir. AEMK və bu kimi erməni lobbi təşkilatları anti-türk mövqeyindən geri çəkilmək istəmirlər. Niyə belədir? Çünki bir əsrdən çoxdur ki, bu kimi təşkilatları türk düşmənçiliyi ayaqda tutub. Onların kitabında türklərlə anlaşmaq düşüncəsi yoxdur.
Ona görə də əminliklə demək olar ki, Türkiyə-Ermənistan və Azərbaycan arasında münasibətlər yeni proqressiv mərhələyə daxil olduqdan sonra AEMK kimi erməni lobbi təşkilatları iflasa uğrayacaqlar. Bu, qaçılmazdır...
Bir şeyi də deyim. Ermənistanı Rusiyanın caynağından məhz Azərbaycan qurtardı. Ermənistanı yenidən Qərbə meyllənməsinin də səbəbkarı Azərbaycandır. Vaxt gələcək bunun fərqinə varan ermənilər buna görə Azərbaycana təşəkkür edəcəklər...
Elbəyi Həsənli
visiontv.az