Dövlət başçısı: Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər
18.05.2026

Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Şəhərsalma təkcə Bakı üçün deyil, Azərbaycanın bir çox şəhərləri üçün də bizim gündəlik məşğul olduğumuz əsas istiqamətlərdən biridir. Bu il mənim sərəncamımla “Şəhərsalma və Memarlıq İli" elan olunub. Bu tədbirin təşkilinə göstərdiyi dəstəyə, əməkdaşlığa və WUF13-ə ev sahibliyi kimi çox məsuliyyətli vəzifəni bizə etibar etdiyinə görə UN-Habitat təşkilatına təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz UN-Habitat ilə birlikdə  Azərbaycanda  Ağdam, Zəngilan və  Xankəndidə üç milli şəhərsalma forumu keçirmişik. Bu şəhərlər uzun illər işğal altında qalmış ərazilər idi. Bu gün qlobal toplantıya ev sahibliyi etməklə biz bir daha şəhərsalmaya, şəhər inkişafına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və əhalimizin özünü rahat hiss etməsi üçün bütün zəruri imkanların yaradılmasına sadiqliyimizi nümayiş etdiririk. Təkcə  Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə fəxr edə bilər. Mən onlardan yalnız bir neçəsinin adını çəkəcəyəm.

Bir zamanlar Şirvanşahlar dövlətinin paytaxtı olmuş, XIV əsrin böyük  Azərbaycan şairi  Nəsiminin vətəni olan Şamaxı şəhərində dünyanın ən qədim məscidlərindən biri yerləşir. Bu məscid 743-cü ildə inşa edilib.

Bir zamanlar  Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan isə böyük  Azərbaycan memarı  Əcəmi Naxçıvaninin vətənidir”, - dövlət başçısı qeyd edib.

visiontv.az