Çin qəfildən Aİ ilə yüksəksəviyyəli görüşləri ləğv edib
11.06.2026

İyun ayında Çin Avropa İttifaqı (Aİ) ilə iki yüksəksəviyyəli diplomatik görüşü qəfildən ləğv edib.

Bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, bu, Çin Xalq Respublikasının  Avropa İttifaqı ölkələrinə ixracının kəskin artması fonunda ticarət supergücləri arasında artan gərginlik şəraitində baş verib.

Məlumata görə, Çin rəsmiləri Pekində iki dialoqu ləğv ediblər. Birincisi - nazirlər səviyyəsində rəqəmsal texnologiyalar məsələlərinin müzakirəsi. İkinci görüş  Aİ diplomatik xidmətinin baş katibinin müavini Olof Skooqun iştirakı ilə keçirilməli idi. Mənbə nəşrə təsdiqləyib ki, "cari ayda keçirilməsi gözlənilən hər iki görüş" Pekin tərəfindən "təcili şəkildə" ləğv olunub.

Səbəblər isə açıqlanmayıb, lakin belə taktika, bir qayda olaraq, tərəflər tərəfindən bir-birinin apardığı siyasətdən narazılığı nümayiş etdirmək üçün istifadə olunur. Belə ki, 2025-ci ildə Brüssel iyul ayındakı liderlər sammiti ərəfəsində Pekinlə iqtisadi görüşü keçirməkdən imtina etmişdi. Səbəb, çox güman ki, ticarət mübahisələrində irəliləyişin olmaması idi.

visiontv.az