Çin Əfqanıstanda - Müşfiq Məmmədov
Çin Əfqanıstanda - Müşfiq Məmmədov
02.08.2021 Müşfiq Məmmədov Tərəfindən

Əfqanıstanda baş verən hadisələr bəzən təqib edə bilməyəcəyimiz qədər sürətlə inkişaf edir. Dünyanın coğrafi mərkəzi sayılan bu ölkə arzuladığı uzun müddətli sülhə və sakitçiliyə nail ola bilmir. Səbəb isə doymaq bilməyən beynəlxalq imperializm və qonşu dövlətlər.

Mövcud hökümət başçısı Əşrəf Qani müxaliflər tərəfindən Əfqanıstanı beynəlxalq güclərə, əsasəndə Çinə satmaqda günahlandırılmışdır. Əslində bu ittihamı əsassız saymaq olmaz. Doğruluğunu anlamaq üçün Əfqanıstan Təbii Sərvətlər nazirliyinin rəsmi saytında paylaşdığı ölkənin faydalı qazıntılarının tədarük edilməsi üçün xarici şirkətlərlə bağladığı çoxlu sayda müqavilələrə baxmaq kifayətdir. Bamyan, Fənəşir, Herat, Badaşan və Qəndəhar bölgələrindəki dəmir filizi yataqları, Helmən, Qəndəhar, Loqar, Kabul, Herat və Sarıpuldakı qızıl və mis mədənləri, Nuristan, Kunar, Laqman, Pərvan və Qəznədəki litium yataqlarının hamısı Çin şirkətlərinə verilmişdir. Bu siyahıdan geriyə qalan bəzi daha kiçik yataqlarda yenə eyni şəkildə xarici şirkətlərin tabeçiliydədir. Bundan daha faciəvi məqam isə odurki növbəti 5 il ərzində heç bir yeni xarici şirkətə mədən yataqlarında fəaliyyət göstərmək üçün lisenziya verilməyəcəyi və bu şirkətlərin mədən resurslarının tədqiqi və emal etməsi üçün xüsusi bir icazəyə ehtiyacı olmadığı bildirilir. Beləcə, Tacikistanda olduğu kimi, ölkələrin milli sərvəti sayılan resursları Çinin əlinə keçmişdir. Bu bir müasir işğal taktikasıdır.

ABŞ Əfqanıstan işğalı illərində mövqe qazanmaq və möhkəmlənmək üçün silahlı mübarizə apararkən Çin, Əfqanıstan ərazisində heç bir silahlı toqquşmalarda iştirak etmədən faydalı qazıntı yataqlarına sahiblənərək iqtisadi və siyasi maraqlarını təmin edirdi. Taliblər tərəfindən heç bir teror aktı və ya etirazla qarşılaşmadılar. Maraqlı məqamdır.

Çinin bu ölkə ilə bağlı bəzi proektləri vardır. “Bir yol, bir nəsil” proekti vaciblərindən biridir. Sincandan başlayan bu yol Əfqanıstan ərazisindən keçərək Pakistan limanlarına qədər enəcək və Çinə yeni ucuz transport yolları təmin edəcəkdir.

Çin öz Əfqanıstan siyasətində daha çox Pakistana arxalanır.

Ehtiyat etdiyi bir neçə mühüm məqam vardır.

Çin Əfqanıstanda Taliblərin güclənməsi ilə daxili qarışıqlığın çıxacağı və İslami cihadçıların güclənəcəyindən ehtiyat edir.

Daxili qarışıqlıq Çinin “Bir nəsil bir yol” proektini reallaşdırmasına mane ola bilər. Bu yol Çin mallarının daşınmasında ərəb və Afrika bazarlarına daha qısa marşrutla təmin edəcəyi ehtimal olunur.

Eləcədə işlətdiyi yataqları itirə biləcəyindən ehtiyat etməkdədir. Vətəndaş müharibəsi güclənərsə və Amerikan ordusu regionu tərk etdik də mümkün ola biləcək qarışıqlıq özü ilə hansı təhlükələri gətirəcəyi bəlli deyildir.

Əfqanıstanın şimal-şərqi Çinin müstəqillik və dinini azad yaşamaq hüququnu tələb edən türk müsəlman əhalisinin yaşadığı Sincan vilayəti ilə həmsərhəddir. Taliban bu sərhədləri nəzarəti əlinə alarsa islamçı cihad anlayışının Sincan ərazisinə keçərək müsəlmanlar arasında yayılma ehtimalından narahatdır. Məhz buna görədə uyğurlara qarşı soyqırımı həyata keçirməkdədir.

Çin Əfqanıstana hərbi kontingent yollamağa o qədər də həvəsli görünmür. Amma, ABŞ ordusu regionu tərk etdikcə yuxarıda sadaladığımız səbəblərdən məcburiyyət qarşısında qalacağıda aşkardır. Boşluğu o doldurmazsa Əfqan xalqının tarixən simpatiyasını qazanmış Türkiyənin dolduracağını bilir. Çinin xarici işlər naziri 2020-ci ildə keçirilən Milli Qurultayının 13-cü iclasında “Amerikan ordusunun regionu tərk etməsinin Əfqanıstan və ya bölgə dövlətlərinin mənafeyinə zərər verə biləcəyini“ xüsus vurğulamışdır.

Talibanla Çinin artıq ortaq dil tapdıqlarının şahidi oluruq. İslamçı və məzhəbçi, terora meyilli bir hərbi birləşmə olan Taliban, Sincanda müsəlma uyğurlarının soyqırımı davam edərkən kommunist Çinlə yaxınlaşması və Əfqanıstan ərazisində Çin yatırımlarını qorumaq üçün Türkiyəni ölkələrində görmək istəmədiklərini bəyan etməsi bunun sübutudur.

Türkiyə bölgəyə girərsə fiziki olaraq Sincana yaxın olacağı, Orta Asiya sərhədlərinə nəzarət edə biləcəyi, özbək Raşid Dostum güvvələrini Talibana qarşı yenidən orqanizə edərək regionda bir türk müxtariyyatı elan edə biləcəyi, Əfqanıstanın bir dövlət kimi güclənərək stabilliyini əldə edə biləcəyi qorxusu Çin, Rusiya və İranın kabusuna çevrilmişdir.

Çinlə apardığı iqtisadi müharibə və Rusiyanın sərhədləri xaricinə yayılma siyasətini durdurmaq üçün apardığı bu mübarizədə Amerikanı qarşıda çox böyük siyasi, iqtisadi və hərbi xərclər gözləyir. Hal-hazırda Amerikanın ən böyük hərbi xərclərinin başında Əfqanıstandakı hərbi kontingenti gəlir. Bu xərclərin azaldılması Amerika üçün həyatı önəm daşıyır. Əfqanıstanı tərk etmə səbəblərindən biri də budur. Regiondan çıxmaq qərarı ilə Rusiya və Çin üçün bir sürpriz hədiyyə edərək onları bu bataqlığın içinə çəkir. Belə bir vəziyyətdə Rusiya və Çinin bölgədə aktivləşməkdən başqa çarəsi qalmayacaqdır. Bu isə adı çəkilən ölkələr üçün böyük iqtisadi yük və teror təhlükəsi deməkdir.

Visiontv.az