Cənubi Koreya prezidenti Yun Sok Yol çərşənbə axşamı Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın "beynəlxalq ictimaiyyətin təhlükəsizliyi üçün ciddi hədə olduğunu" bildirib.
Yun Seulda Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamalardan öncə bazar ertəsi Cənubi Koreya kəşfiyyatının qiymətləndirmələrinə görə, Şimali Koreya qoşunlarının Ukraynada döyüş meydanına yerləşdirilməsinin "gözləniləndən daha sürətli" ola biləcəyini deyib.
ABŞ Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Şimali Koreya Rusiyaya təqribən 10 min əsgər göndərib. "Biz inanırıq ki, Şimali Koreya Rusiyanın şərqinə təlimlər keçmək üçün ümumilikdə təxminən 10 min əsgər göndərib ki, bu, çox ehtimal ki, yaxın bir neçə həftə ərzində Rusiyanın Ukrayna yaxınlığındakı qüvvələrini gücləndirəcək", Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Pentaqonda jurnalistlərə bildirib.
"Bu əsgərlərin bir hissəsi artıq Ukraynaya yaxınlaşıb və biz Rusiyanın bu əsgərlərdən döyüşlərdə və ya Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığındakı Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarına dəstək vermək niyyətində olduğundan narahat oluruq" - deyə, o əlavə edib.
NATO bazar ertəsi səhər Şimali Koreyanın 3 min əsgərinin Ukraynaya qarşı müharibədə Moskvaya yardım etmək üçün Rusiyaya göndərildiyini, həmçinin Kyiv qüvvələrinin avqust ayında gözlənilməz hücum zamanı müdaxilə etdiyi və hələ də ərazini saxlamağa davam etdiyi Kursk bölgəsinə yerləşdirildiyini bildirib.
"Rusiya və Şimali Koreya arasında dərinləşən hərbi əməkdaşlıq həm Hind-Sakit okean, həm də Avro-Atlantik təhlükəsizliyinə təhdiddir" - deyə, NATO-nun baş katibi Mark Rutte Brüsseldə NATO rəsmiləri və diplomatlarının Cənubi Koreyanın kəşfiyyat və hərbi rəsmilərindən məlumat almasından sonra jurnalistlərə bildirib.
NATO-nun baş katibi Şimali Koreya qoşunlarının Rusiyaya yerləşdirilməsinin prezident Vladimir Putinin "çarəsizliyinin artmasının" əlaməti olduğunu deyib. Rutte əlavə edib ki, 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri Rusiyanın 600 mindən çox əsgəri ya ölüb, ya da yaralanıb.
Pentaqon Şimali Koreyanın Rusiyaya göndərdiyi ordu hissələri və ya texnikasının növü ilə bağlı əlavə məlumat verməyib. Amerikanın Səsi bu qoşunların hansı əlavə qabiliyyətlər gətirə biləcəyini soruşduqda, Sinq "bu, döyüş meydanında əlavə cəsədlərdir" deyib.
"Əgər biz Koreya Xalq Demokratik Respubliksasının qoşunlarının cəbhə xəttinə doğru irəlilədiyini görsək, bu, onların müharibədə iştirakçı olduğu deməkdir" -deyə, Sinq xəbərdarlıq edib.
Moskvanın Ukraynaya qanunsuz hərbi müdaxiləsindən sonra Rusiya və Şimali Koreya siyasi və hərbi ittifaqlarını gücləndirib. ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargahlar rəisi, general David Allvin cümə günü ərbi reportyorlar və redaktorlarəm konfransında Amerikanın Səsinə "iki bədniyyətli tərəflər arasında əməkdaşlığın artması əlbəttə ki, daha çox diqqət və araşdırma tələb edir" deyib.
Kreml Şimali Koreyanın Rusiyaya qoşun yerləşdirməsi ilə bağlı məlumatları "saxta xəbərlər" adlandırıb. Lakin Putin keçən həftə Şimali Koreya qoşunlarının hazırda Rusiyada olduğunu inkar etməyib və iyun ayında Şimali Koreya lideri Kim Con Unqla imzaladığı qarşılıqlı müdafiə təhlükəsizliyi paktının bir hissəsi olaraq, onların necə yerləşdirilməsinə Moskvanın özünün qərar verməli olduğunu bildirib.
visiontv.az