Bu gün Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin doğum günüdür.
Hafiz Mir-Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini 1963-cü ildə bitirərək 1967-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edərək fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.
1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.
100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.
Xarici dillərdən ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı, dörd nəvəsi var.
Visiontv.az