Boşanan qadınlar övladlarını illərlə görmürlər
10.12.2025

Çeçenistanın ruhani idarəsi ananın azyaşlı uşağa qayğı məsələsində birinci dərəcəli hüquqa malik olması, onu övladlarından zorla ayırmağın yolverilməzliyi barədə açıq bəyanatla çıxış edib. AzadlıqRadiosunun "Kavkaz Realii" saytı yazır ki, praktikada məhkəmə və müftilik övladları uğrunda mübarizə aparan qadınlara kömək etmirlər. Adətlərə görə, valideynlər ayrılanda uşaq ata ilə qalır.

Regionun avtoritar lideri Ramzan Kadırov bir neçə dəfə bəyan edib ki, "tənha analar əsl kişi tərbiyə edə bilməzlər". Qadınlar illərlə övladlarını görməyə bilərlər və atalar buna görə heç bir məsuliyyət daşımırlar.

2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Şimali Qafqazda uşaqlara qəyyumluq məsələsində cinsi ayrıseçkiliyi tanıyıb. Məhkəmə bildirib ki, Çeçenistanda qərarlar atanın xeyrinə qəbul edilir, icra məmurları ananın xeyrinə çıxarılmış hökmləri icra etmirlər.

Övladını axtaran ana

"Kavkaz Realii" bir neçə ananın başına gələnlərdən yazır. Janetta Tuxayeva böyük oğlunu bir neçə il görməyib. Moskva məhkəməsinə rəğmən, Qroznı məhkəməsi 2020-ci ilin martında onun iki azyaşlı oğlunun ataları Ruslan İbayevlə yaşaması barədə qərar çıxarıb. Tuxayevanın üzərinə Instagram hesabını ləğv etmək öhdəliyi də qoyulub. O, böyük övladının oğurlanmasından şikayət etmişdi. 2020-ci ilin iyulunda Tuxayeva qərarın ləğvinə nail olur, amma oğlunu qaytara bilmir. İndi onun 16 yaşı var, keçmiş əri isə kiçik oğlu üzərində də qəyyumluq almağa çalışır.

Mariya Smelaya

Mariya Smelaya

Yaxud Krasnodar sakini Mariya Smelaya oğlunu tapa bilmir, Çeçenistanda olduğunu düşünür. O, məişət zorakılığı barədə hüquq müdafiəçilərinə müraciət edib. Nə Çeçenistan hakimiyyəti, nə məhkəmə orqanları, nə də müftilik bu işə maraq göstərib.

Ana ilə ünsiyyətin yasaqlanmasının uşaqların psixikasına təsir göstərdiyini Çeçenistanda etiraf edirlər. 2020-ci ildə respublikada uşaq hüquqları üzrə müvəkkil vəzifəsi yaradılıb. Onu müftinin müavini Maqomed Xiraxmatov tutub. "Çeçnya Seqodnya" dövlət agentliyinə müsahibəsində Xiraxmatov deyib ki, atalar övladlarını ən əsas şeydən – ana nəvazişindən məhrum edirlər: "Bu isə onların cəmiyyət üçün təhlükəyə çevrilməsinə gətirib çıxarır. Respublikamız üçün bu, görünməz, lakin ağır bir faciədir".

Xiraxmatovun sözlərinə görə, uşaqların ana ilə görüşməsinə maneə törədən atalara iş yerləri vasitəsilə təsir göstərəcəklər. O, həmçinin səbəbsiz boşanmaya görə cərimələr təklif edib.

"Təmiz populizm"

Çeçenistandan anonimlik şərti ilə danışan sosioloq deyir ki, müftiliyin açıq bəyanatları "düzgün və gözəldir", amma praktikada hər şey fərqlidir. Şəriət və qanun formal olaraq qadın hüquqlarını müdafiə etsə də, təcrübədə qadın zəif durumda qalır, uşaq isə ailənin və yerli icmanın girovuna çevrilir: "İşlək müdafiə institutlarının olmaması da təsirini göstərir, qadının praktik olaraq müraciət edəcəyi yer yoxdur. Dini və dövlət qurumları hakimiyyətdən asılıdır ki, o da "loyal" kişilərlə konfliktdə maraqlı deyil".

Qadınlar üçün "Marem" böhran qrupunun təsisçisi Svetlana Anoxina deyir ki, müftiliyin, uşaq hüquqları üzrə müvəkkilin sözləri "təmiz populizmdir": "Bu mövzuda bütün bəyanatlar elə söz olaraq qalır, konkret işlərdə ruhanilər iştirak etmir, qadınları müdafiə etmirlər".

Anoxina bildirir ki, ata obrazı ənənəvi olaraq xüsusi avtoritet və çəkiyə malikdir, ona görə də boşanma vaxtı daha çox ona üstünlük verilir.

visiontv.az