Bir eşq hekayəsi - Bu gün Əlimərdan bəy Topçubaşovun ad günüdür
04.05.2021

Bu gün Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxslərdən biri, Əlimərdan bəy Topçubaşovun ad günüdür.

 Onun siyasi və diplomatik fəaliyyəti barədə çox yazıblar. Bu gün onun anım günündə Əlimərdan bəyin həyat yoldaşı, sevdiyi qadın Pəri xanımla eşqindən yazacam.

Əlimərdan bəyin ilk görüşdə sevdiyi xanımın atası Azərbaycan dilində ilk qəzet  nəşr edən, maarifçi Həsən bəy Zərdabi idi. Tifilsdə yaşayan Həsən bəy öz ovladının burda təhsil alması üçün çox çalışır və bu şəhərdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım olub. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Əlimərdan bəy Pəri xanımı ilk görüşdə görüb bəyənir, onun haqqında maraqlanır. Azərbaycanlı xanımın nitq qabliyyəti və savadı bəyin o qədər xoşuna gəlir ki, onunla dostluq münasibəti qurur.  Bu dostluq münasibəti zamanla sevgiyə çevrilir. Onların bu səmimi münasibəti gimnaziyada Hənifə xanımın müəlliməsi olan Mariya xanımın diqqətindən yayınmır. O, Həsən bəyə məktub yazaraq bu məsələni açır və Əlimərdan bəyin onun qızına layiq olduğunu bildirir. Həsən bəy Mariya xanımın məktubundan sonra böyük oğlu Midhətlə Tiflisə gəlir, Əlimərdan bəylə tanış olur.

1893-ci il 31 dekabrda Tiflisdə Əlimərdan bəy Topçubaşov ilə ailə qurub. Onun atası olan Zərdabi çox mütərəqqi ziyalı olmasına baxmayaraq, qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi. Əks təqdirdə qızını ona verməyəcəyini deyən Həsən bəy Zərdabinin dəfələrlə yanına gedən Əlimardan bəy  bu qədər pulu olmadığını deyir. Lakin Həsən bəyin fikrinin qəti olduğunu görən Əlimərdan bəy  Pəri xanımla  toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar.

Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparır. Düzdür Pəri xanımın anası Hənifə xanım etiraz etsə də, O, həyat yoldaşını tək qoymaq istəmir. Fransada yaşayan ailə ilk zamanlar çətinlik çəksə də,  Əlimərdan bəyə Pəri xanım hər tərəfli dəstək olur. Hüquq təhsili almış Pəri xanım  çox vaxt sənədlərin hazırlanmasında  onun yardımcısı olurmuş.

Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.

Tarixçi Zaur Əliyev

Visiontv.az