İsi Abbas oğlu Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olub. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil alıb.
Yazıçının ilk mətbu yazıları 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aiddir. O, ədəbiyyata “Kirpi” jurnalında çıxan satirik yazılarla gəlib, jurnalda çalışan Salam Qədirzadə ilə dostlaşıb. İlk hekayəsi “Peşmançılıq” adı ilə 1957-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunub. Sonralar uşaqlar üçün yazdığı hekayələri “Pioner” qəzetində, “Pioner” jurnalında çap olunub. Yazıçı 1960-cı illərin ikinci yarısından ciddi mövzulara daha çox bağlanıb.
O, "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari-redaksiya heyətinin üzvü (1974-1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləyib (1983-1985).
Sonra bir müddət yaradıcılıqla məşğul olub. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləyib. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışıb.
İsi Məlikzadənin ilk kitabı olan “Həsrətin sonu” 1964-cü ildə, sonuncu − onuncu kitabı “Dolaşaların Novruz bayramı” kitabı isə 1992-ci ildə çıxıb. Təxminən otuz il ərzində yazıçının on kitabı çıxıb və onların arasında 3-4 il ara olub. “Kövrək qanadlar” (“Gənclik”, 1973), “Küçələrə su səpmişəm” (“Gənclik”, 1977), “Yaşıl gecə” (“Yazıçı”, 1979), “Günəşli payız” (“Yazıçı”, 1982), “Dədə palıd” (“Yazıçı”, 1984), “Gümüşgöl əfsanəsi” (“Yazıçı”, 1987), “Şehli çəmənlərin işığı” (“Yazıçı”, 1991), “Dolaşaların Novruz bayramı” (“Gənclik”, 1992).
İsi Məlikzadə 1968-ci ildən Yazıçılar İttifaqının üzvü olub.
1995-ci il dekabrın 5-də vəfat edib.
Bünyamin Bünyadzadə
Visiontv.az