"Azər-Türk Bank"ın (ATB) 2025-ci il üzrə xalis mənfəəti 2 dəfə azalıb.
"APA-Economics" bu barədə bankın hesabatına istinadən xəbər verir. Belə ki, ATB-nin xalis mənfəət 2024-cü il üzrə 21,3 mln. manatdan 2025-ci ildə 10,1 mlna manata enib. Bu da 52,4% azalma deməkdir.
Hesabat dövründə bankın faiz gəlirləri 18,2% artaraq 126,8 mln. manat təşkil etsə də, faiz xərcləri daha sürətlə – 35,8% artaraq 64,9 mln. manata yüksəlib. Nəticədə xalis faiz gəliri cəmi 4,1% artıb və bu artım ümumi maliyyə nəticələrinə ciddi təsir göstərməyib.
Eyni zamanda, qeyri-faiz gəlirləri 2,3% azalaraq 38,3 mln. manat, qeyri-faiz xərcləri isə 17,6% artaraq 78,3 mln. manat olub. Xərclərin artımında əməkhaqqı, inzibati və amortizasiya xərclərinin yüksəlməsi əsas rol oynayıb.
Bundan əlavə, mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırmalar 65% artaraq 8,3 mln. manata çatıb. Bu amil də bankın mənfəətini aşağı çəkən əsas faktorlar sırasında yer alıb. Nəticədə vergidən əvvəlki mənfəət 49,7% azalaraq 13,6 mln. manata enib.
Aktivlər artsa da, kredit portfeli zəifləyib
Balans göstəricilərinə görə, bankın cəmi aktivləri 2025-ci ilin sonunda 2,19 mlrd. manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 5% artım deməkdir. Aktivlərin artımı əsasən banklar və digər maliyyə institutlarındakı depozitlərin 13,7% artaraq 984,6 mln. manata, həmçinin ticarət və investisiya qiymətli kağızlarının 34,6% artaraq 189,8 mln. manata çatması hesabına baş verib.
Bununla yanaşı, nağd pul vəsaitləri və ekvivalentləri 28,4% azalaraq 151,7 mln. manata enib. Müştərilərə verilmiş kreditlər üzrə ümumi portfel 1,6%, xalis kredit portfeli isə 2,6% azalıb. Bankın istehlak (328,2 mln. +11,1%) və ipoteka kreditləri artsa da (206,6 mln. +7,2%), biznes kreditləri 19% və 59,3 mln. manat azalaraq 311,8 mln. manata enib.
Bankın cəmi öhdəlikləri ilin sonuna 4,7% artaraq 2,07 mlrd. manata yüksəlib. Artım əsasən depozit portfelinin 6,5% böyüməsi hesabına formalaşıb. Depozitlərdə artım daha çox hüquqi şəxslərin vəsaitləri ilə təmin olunub. Bununla yanaşı, banklar və digər maliyyə institutları qarşısında öhdəliklər 13,9% azalıb.
Kapital mövqeyi isə müsbət dəyişib. Belə ki, bankın cəmi kapitalı 10% artaraq 117,4 mln. manata çatıb. Bu isə əsasən nizamnamə kapitalının ötən il 50,5 mln. manat artırılması hesabına baş verib.
Ümumilikdə bank 2025-ci ilin IV rübündə aktiv və depozit bazasını genişləndirsə də, xərclərin artması və risklər üzrə ehtiyatların yüksəlməsi fonunda mənfəət göstəricilərində ciddi zəifləmə ilə üzləşib. Bu isə bankın qarşıdakı dövrdə xərc nəzarətini və kredit siyasətini daha ehtiyatlı aparmalı olacağını göstərir.
Qeyd edək ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i SOCAR-a, 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Visiontv.az