Azad qadın heykəlini də uçurtmaq istəyirlər!
12.10.2026

Bakının məşhur “Azad qadın” heykəli qadının çadranı atmasını, əsarətdən qurtulmasını, azadlığa çıxmasını simvolizə edir. Arxasında Cəfər Cabbarlının “Sevil” əsəri, böyük maarifçilərimizin mübarizəsi dayanır.

Şərhlərdə bir nəfər yazıb ki, o heykəli də uçurtmaq lazımdır!

Təsəvvür edirsiniz?!

Artıq məsələ təkcə hicab taxmaq, yaxud taxmamaq deyil.

Bir insan qadın azadlığının rəmzi olan heykəlin də məhv edilməsini istəyirsə, deməli, onun problemi sadəcə geyimlə deyil. Onun problemi həmin heykəlin təmsil etdiyi dəyərlərlədir.

Məni qorxudan da budur.

Bu cür düşünənlər üçün dünyəvilik, qadın azadlığı, maarifçilik yad anlayışlardır. Onlar cəmiyyəti irəli aparan dəyərləri qorumaq yox, keçmişin dini qaydalarına qaytarmaq istəyirlər.

Bu gün heykəli uçurtmaq istəyən sabah Cəfər Cabbarlının “Sevil” əsəri haqqında nə deyəcək? Cəlilin “Ölülər”ini, Sabirin satiralarını da qadağan etməyi tələb edəcək?

Əlbəttə, hicab taxan hər kəs belə düşünmür. Amma hicab mübahisəsinin içində bu cür radikal düşüncələrin üzə çıxmasını da görməməzliyə vurmaq olmaz.

Bu gün bir heykəlin uçurulmasını istəyirlər. Sabah hansı azadlığımızdan imtina etməyimizi tələb edəcəklər?

Məsələ təkcə bir heykəlin taleyi deyil.

Məsələ Azərbaycanın hansı yolla gedəcəyidir: Cəfər Cabbarlının, Sabirin, Cəlilin göstərdiyi yolla, yoxsa onların mübarizə apardığı cəhalətə doğru?..

Elbəyi Həsənli

visiontv.az