“Avropa özünü heç kimin və heç nəyin bölməsinə imkan verməyəcək”
13.12.2025

Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ prezidenti Donald Trampa Ukrayna ilə sülh sazişi naminə ərazi güzəştləri ilə bağlı təklif göndərilib. Onun sözlərinə görə, bu, 10 dekabrda ABŞ prezidenti ilə özü və digər Avropa liderləri arasında baş tutan telefon danışığından sonra edilib. “Əsasən söhbət Ukraynanın hansı ərazi güzəştlərinə hazır olmasından gedir”, – Merts NATO-nun baş katibi Mark Ryutte ilə birgə mətbuat konfransında qeyd edib.

Almaniya kansleri vurğulayıb ki, bu suala son cavabı yalnız Ukrayna prezidenti və Ukrayna xalqı verə bilər və “prezidentini dörd illik əzab və ölümlərdən sonra xalqının qəbul etməyəcəyi bir sülhə məcbur etmək səhv olardı”. Bundan əlavə, Merts Tramp ilə söhbətin konstruktiv keçdiyini desə də, “Avropa özünü heç kimin və heç nəyin bölməsinə imkan verməyəcək”, – deyə əlavə edib.

Merts bildirib ki, ABŞ nümayəndələri ilə növbəti danışıqlar bu həftəsonu planlaşdırılır, Ukrayna üzrə beynəlxalq görüş isə “gələn həftənin əvvəlində baş tuta bilər”.

Daha əvvəl Tramp Ukrayna və onun əsas Avropa müttəfiqləri – Almaniya, Fransa və Böyük Britaniyaya qarşı narazılığını ifadə etmişdi. ABŞ prezidenti Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerlə telefon danışığını belə xarakterizə edib: “Biz Ukraynanı kifayət qədər sərt sözlərlə müzakirə etdik”. Tramp “sərt sözlər”dən nəyi nəzərdə tutduğunu açıqlamayıb.

visiontv.az