Ankara Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmir
17.07.2026

Bunu Kiyevdə çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik səylərini davam etdirir:

“XXI əsrdə Avropada müharibənin niyə beş il davam etdiyinin izahı yoxdur. Sülh bu gün heç vaxt olmadığı qədər önəmlidir”.

Türkiyə Rusiya-Ukrayna müharibəsi dövründə bir neçə dəfə iki ölkə arasındakı danışıqlara ev sahibliyi edib. Bununla belə danışıqlarda qazanılan yeganə uğur əsir mübadiləsinə dair olub.

Fidan bundan öncə Rusiyada səfərdə olub. Səfər çərçivəsində o, prezident Vladimir Putinlə görüşüb və ölkəsinin Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazır olduğunu deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu gün Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib.

Ukrayna son həftələrdə Rusiyanın Azov dənizindəki gəmilərinə zərbələr endirməyə başlayıb. Nəticədə Moskva Azov dənizi boyunca gəmilərin hərəkətini məhdudlaşdırmaq məcburiyyətində qalıb

visiontv.az