Şah İsmayılın öz əli ilə yazdığı "Mi'ə Kəlimə" əlyazması
17.07.2026

Bu gün Türk dünyasının böyük şəxsiyyətlərindən biri, Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətainin doğum günüdür. Tarix Şah İsmayıl Xətaini sadəcə qılıncı ilə imperiyalar quran bir hökmdar kimi deyil, həm də qələmi ilə könülləri fəth edən bir sənətkar kimi qeyd etmişdir.

Bu münasibətlə Şahın öz əli ilə yazdığı və sonuna 'İsmayıl b. Heydər' imzasını qoyduğu unikal bir kitabı Sizlərə, Şah sevərlərə hədiyyə edirəm.

Bu dünyada nadir olan və Səfəvi Şahı İsmayılın öz dəsti xətti ilə yazılan yeganə kitabdır. Bavyera Dövlət Kitabxanasının Şərq əlyazmaları fondunda Cod.pers. 431 kataloqunda saxlanılır və açıq formada oxumaq olur.

Təqdim etdiyim kitabın adı “Miʾat Kalima” (Həzrəti Əlinin yüz kəlamı) adlanır. 1514-cü ildə tərtib edilib. Kitabın sonunda bunu öz dəsti xətti ilə köçürənin adı yazılıb:

İsmayıl b. Heydər əl-Hüseyni

Bu əsər mətbəə nəşri deyil, hər bir səhifəsi əllə yazılmış və bəzədilmiş unikal, tək nüsxə sənət əsəridir. Nəsx, Sülüs və Nəstəliq xətti ilə yazılıb.

Kitabın Şah İsmayıl tərəfindən yazılmasına dair barədə fransız və ya latın dillərində yazılmış tarixi kataloq şərhləri də kitabda qeyd edilib. Əlyazma kataloqlarda çox vaxt elə "Kalligraphie von Shah Ismail I" (Şah İsmayıl I-in xəttatlığı) başlığı altında təqdim edilir.

Kitabxanadakı təsvirlərdə Şah İsmayılın bu əlyazmada (vərəq 7 və digər səhifələrdə) öz əli ilə nəfis kalliqrafiya nümunələri yaratdığı vurğulanır.

Qeyd edim ki, bu sahədə mütəxəssislər, xüsusilə də Səfəvilər dövrü və İslam tarixi üzrə ixtisaslaşmış tanınmış yapon tarixçisi, şərqşünası və professor Tomoko Morikava da bu imzanın və xəttin birbaşa Səfəvi şahı I İsmayıla aid olduğunu elmi şəkildə araşdırıb təsdiqləmişlər. Morikava bu kitabın mikrofilmlərini və rəqəmsal nüsxələrini analiz edərək bunun Şaha aid xətt olmasını bildirib.

Ərəb və fars əlifbası ilə yazılan "Əlinin yüz kəlamı" sadəcə qısa aforizmlərdən ibarət deyil. Hər bir kəlamın altında dövrün klassik şeir forması olan rəbailər və ya məsnnəvilər şəklində farsca poetik tərcümələri və şərhləri yer alır.

Çaldıran döyüşündən sonra Şahın sarayını talayan Osmanlı əsgərləri bu yeganə və nadir nüsxəni özləri ilə İstanbula aparırlar. Sonradan bu kitab Almaniyalı səyyah-tacirlərə satılır və beləcə gəlib

Bavariyaya çıxır. Vittelsbax sülaləsinin əlində olub uzun illər, sonra isə 1803-cü ildə Bavariya kitabxanasına hədiyyə edilir.

Avropa mənbələri Şah İsmayılı Səfəvi türklərinin hökmdarı adlandırır və ilk dəfə kitabxanada Türk hömkdarının əsəri kimi qeydə alınıb..

Bu gün bu kitab Münhendə, tam qaranlıq, xüsusi rütubət və temperatur tənzimlənən yeraltı seyflərdə qorunur lakin eyni zamanda online də oxumaq olur.

Prof.Dr. Zaur Əliyev

visiontv.az