Alman əsir düşərgəsində mahnıları vala yazılan iki azərbaycanlı
26.01.2026

Berlin Humboldt Universitetinin Lautarchiv (Səs Arxivi) fondunda "Phonographische Kommission" (1915–1918) tərəfindən Berlin əsir düşərgələrində qeydə alınan səs yazıları var. Almaniyada o illərdə Fonoqrafik Komissiya adlı bir qurum yaradılmışdı. Onlar əsir düşərgələrini gəzərək dünyanın hər yerindən gələn insanların (azərbaycanlılar, tatarlar, gürcülər, hindlilər və s.) dillərini və musiqilərini gələcək nəsillər üçün qeydə alırdılar.

Birinci Dünya Müharibəsi zamanı əsir düşmüş azərbaycanlılardan yazılan "Edison silindrləri" (Walze) kolleksiyasına aiddir bunlar.

Kataloqda iki ad qarşıma çıxdı. İbrahim Məmmədov və Əli Cavadov. Onlar Birinci Dünya Müharibəsi zamanı Çar Rusiyası ordusunda vuruşarkən Almaniyaya əsir düşmüş və səsləri tarixdə ilk dəfə alman hərbi düşərgəsində qeydə alınmış azərbaycanlılardandır.

1) Əli Cavadov Frankfurt-Oder yaxınlığındakı əsir düşərgəsində saxlanılıb. O, Şirvan zonası və ya Bakı ətrafı kəndlərdən biri ola bilər. Sənədlərdə yazıldığına görə onun oxuduğu mahnıların ritmi və ifa tərzi Bakı-Abşeron və ya Şirvan musiqi mühitinin elementlərini daşıyırdı

O zaman alman dilçi və musiqişünasları onun səsini Edison silindrinə yazıblar. O, “Aman nene” mahnısı ifa edib və bu gün də orda saxlanılır. Almanlar təkcə səs yazmırdılar, həm də əsirlərin "antropoloji kart"larını hazırlayırdılar. Bu kartlarda Əlinin göz rəngi, kəllə quruluşu və boyu kimi məlumatlar da qeyd olunurdu. Əli Cavadovun səsyazısında isə musiqi dili daha qabarıqdır. O, mahnı oxuyarkən istifadə etdiyi boğaz vurmaları və zəngulələr avropalı musiqişünaslar üçün tamamilə yeni bir dünya idi.

1918-ci il Brest-Litovsk müqaviləsindən sonra əsirlərin qaytarılması prosesi başladı. Əli Cavadovun Azərbaycana qayıdıb-qayıtmadığı tam bəlli deyil, lakin o dövrün bir çox əsiri Qırmızı Xaç vasitəsilə vətənə dönmüş, lakin sonra 1920-ci il bolşevik işğalından sonra "alman casusu" damğası ilə repressiyaya məruz qalmışdır.

2) İbrahim Məmmədov isə "Müsəlman düşərgəsi" kimi adlanan Vünsdorfda saxlanılıb. O dövrün sənədlərində onun Gəncə yaxınlığındakı kəndlərdən birində doğulduğu ehtimal edilir. Onun səsyazısını analiz edən alman dilçiləri qeyd edirdilər ki, İbrahimin danışığı və mahnı ifası Gəncə-Qazax zonası uyğundur.

Ona türk və azərbaycan dilində qəzetlər paylanırdı ki, burada alman təbliğatı aparılırdı. Bu qəzetlərdə Osmanlı sultanının "Cihad" fərmanı təbliğ edilir və azərbaycanlılara deyirdilər: "Siz Rusiyanın deyil, bizim və İslam dünyasının tərəfində olmalısınız." İbrahimin də qatıldığı dini mərasimlər üçün düşərgənin tam mərkəzində möhtəşəm bir Taxta Məscid ucaldılmışdı

Xalq mahnıları və ya nağıllar ifa edir. Xüsusilə “Qaragöz” mahnısı daha aydındır. İbrahimin səsyazısı daha təmiz qalıb. O, həmçinin Azərbaycan dilinin dialektlərini araşdıran alman dilçiləri üçün bir neçə mətn də oxuyub. O, həmçinin alman dilçisi Vilhelm Doegen üçün Azərbaycan dilində nağıllar və dialekt nümunələri danışıb.

Vünsdorfda qalan bəzi müsəlman əsirlər müharibədən sonra Almaniyanın müxtəlif şəhərlərinə dağıldılar.

Onlar yerli alman qadınlarla evlənib, soyadlarını dəyişərək (məsələn, Mammedov-u Mammedoff edərək) orada yaşamağa davam etdilər. Bəlkə də İbrahim Məmmədov da Vətənə qayıtmayaraq orda qalmağı seçib.

Bir Valoxudan və trompet şəkili ola bilər

Prof.Dr. Zaur Əliyev