Virtual oyunlar uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə bilər. Onlardan düzgün rejimdə istifadə edildikdə zehni inkişafı dəstəkləsə də, həddindən artıq oynanılması fiziki və psixoloji problemlərə səbəb ola bilər.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.
O qeyd edib ki, uşaqlar öz daxili emosional rahatlığını, təxəyyülünü və sosial münasibətlərini oyunlar vasitəsilə formalaşdırırlar: “Virtual oyunlar uşaqlarımıza ikili təsir göstərir. Onlar orta səviyyədə və düzgün vaxt bölgüsü ilə oynanıldıqda zehni qabiliyyətlərin inkişafını stimullaşdırır. Lakin həddindən artıq oynanıldıqda fiziki və zehni yorğunluğa səbəb olur. Bundan başqa, bəzi oyunların süjeti düşmənçilik, hüquq pozuntusuna meyillilik və cəzasız qalmaq kimi yanlış üstünlük hisslərinin formalaşmasına təsir göstərə bilər”.
Elnarə Baxışlı bildirib ki, uşaqlar gördüklərini oyun zamanı yenidən canlandırmağa, mənimsəməyə və öz kiçik dünyalarında tətbiq etməyə çalışırlar. Bəzən bu səhnələrə öz xəyal obrazlarını da əlavə edirlər. Elə hallar olur ki, uşaq oyun personajı ilə həddindən artıq eyniləşərək real həyatdan uzaqlaşmağa başlayır: “Çünki həmin virtual aləmdə hər şeyin onun nəzarətində olduğu təəssüratı yaranır. Bəzi hallarda uşağın real həyatda nümayiş etdirdiyi davranışlar oyunun davamı təsiri bağışlayır. Aqressiv davranışlar, uzunmüddətli qorxu və təşviş, gecə kabusları və yuxu pozuntuları qorxu məzmunlu oyunların, eləcə də psixikaya mənfi təsir göstərən rəng və səslərin təsiri ilə yarana bilər. Buna görə də oyunlar valideynlə birlikdə seçilməli, virtual oyunların real həyatda müsbət alternativləri yaradılmalıdır”.
Psixoloq qeyd edib ki, valideynlər oyun seçərkən onların məzmununa və uşağın yaş xüsusiyyətlərinə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, öyrədici və inkişafetdirici oyunlar məntiqi təfəkkürü, diqqəti, dil bacarıqlarını və sayma vərdişlərini inkişaf etdirir. Müxtəlif rəqəmsal tapmacalar və interaktiv oyunlar bu qrupa daxildir.
visiontv.az