Bu həbsxanada cəza çəkən qadınlara işgəncə vermək üçün nə fiziki güc tətbiq olunub, nə də vaxt sərf edilib, işgəncə metodu çox sadə olub. Çöldə temperaturun mənfi 40-45 dərəcə olduğu vaxtda qadınları soyundurub türmənin həyətinə buraxıblar, 4-5 saatdan sonra isə 40-45 dərəcə müsbət temperatur yaradılmış kameralara buraxıblar. Bu “tədbir”dən sonra sağ qalmaq ehtimalı sıfıra bərabər olub...
Tümen vilayətinin Tobolsk şəhərində yerləşən eyniadlı həbsxana 150 il fəaliyyət göstərib.
1838-ci ildə inşa edilən “Tobolsk qəsri”i ilk gündən cəzaçəkmə müəssisəsi təyinatı ilə fəaliyyətə başlayıb.
SSRİ dövründə cəzaçəkmə müəssisəsi 2 saylı xüsusi türmə adı ilə ölkənin ən ciddi həbsxanalarından biri sayılıb.
Həbsxana beş korpusdan ibarət olub: inzibati korpus, anbarların, türmə xəstəxanasının, kiçik emalatxanaların və karserlərin yerləşdiyi korpus və məhbusların saxlandığı digər üç korpus.
Tobolsk həbsxanasında saxlanılanlar üç kateqoriyaya bölünüb, kişilər, qadınlar və həddi-büluğa çatmayanlar.
Həbsxananın yazılmamış daxili rejim qaydalarında heç kimə, hətta qadınlara belə güzəştə gedilməyib.
Məhbus qadınlardan rejimə tabe olmayanlar 1-2 saatlığına psixi problemləri olan 8 nəfərlik kişi kameralarına salınıb.
Çox nadir hallarda qadınlar həmin kameralardan sağ çıxıblar və həmin qadınların bədənlərindəki “iz”lər digər qadınlara nümayiş etdirilib.
Uzun müddətli ailə görüşləri üçün Tobolsk türməsində cəmi 6 saat vaxt müəyyən edilib.
Ailə görüşləri nəzarətçilərin nəzarəti altında keçib.
Çütlüklərə intim əlaqədə olmağa icazə verilib.
Hətta bu məqsədlə “mərhəmət” göstərərək görüş otağına çarpayı da qoyulub. Ər-arvad nəzarətçinin gözü qabağında sevişməyə başlayanda, 10-15 dəqiqə keçməmiş, yəni cinsi əlaqə sona çatmamış nəzarətçilər dəyənəklə onları bir-birlərindən ayırıb.
Türmənin karserinə düşmək təxminən ölümə bərabər olub.
Burada cəzalar bir sutkadan 15 sutkaya qədər uzanıb.
Karserlərin hündürlüyü insan boyundan aşağı olub, 1 metr 50 santimetr. Karserdə oturmağa icazə verilməyib, tam ayaq üstə dayanmaq isə mümkün olmayıb.
Beləcə, sutkanın 18 saatını əyili vəziyyətdə dayanmaq məcburiyyəti yaranıb. 6 saat isə beton döşəmədə oturmağa icazə verilib. Karserlərdə heç vaxt normal temperatur rejimi də olmayıb.
Ya hədsiz dərəcədə soyuq və rütubətli olub, ya da karserin divarlarından birini qızdırıb son dərəcə yüksək temperatur yaradıblar. Gün ərzində karserdə cəza çəkənlərə 400 qram su, 200 qram çörək verilib.
1937-ci ilin yayında Tobolsk həbsxanası həm də edamların icra müəssisəsi funksiyasını daşıyıb.
Təkcə 1937-ci ilin sentyabr ayından 1938-ci ilin may ayına qədər həbsxanada 2500 nəfərdən artıq insanın güllələnmə hökmü icra edilib.
Tobolsk türməsindən qaçmaq faktiki olaraq mümkün olmayıb. Burada saxlanılanların başının yarı hissəsi qırxılıb ki, bu haqda da şəhərin və vilayətin hüquq-mühafizə orqanlarının və sakinlərin məlumatı olub. Və təbii ki, bu saç düzümündə olan şəxs həmin dəqiqə diqqəti cəlb edib, onun “Tobolsk” sakini olmağı haqqında işarə verib.
Digər tərəfdən, bu türmədə olanlar zəncir qandallarda saxlanılıblar ki, bu da onların hərəkətini məhdudlaşdırıb.
Türmədə xüsusi “press-xata”lar da fəaliyyət göstərib.
Burada xüsusi fiziki hazırlıqlı əməkdaşlar işləyiblər.
Türmə rəhbərliyinə və nəzarətçilərə tabe olmayanlara “press-xata”larda xüsusi “dərs” keçilib.
Adətən “press-xata”ya məhbus salınanda həkim də dəvət olunub. Çünki bura düşənlərin əksəriyyəti döyülərək öldürülüb və həkim də dərhal ölüm hadisəsini “qəfil ürəktutma” diaqnozu ilə rəsmiləşdirib.
Həbsxana zamanında öz məşhur “qonaq”ları ilə də tanınıb.
Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Dostoyevski, yazışı-filosof Nikolay Çernışevski, yazışı-jurnalist Vladimir Korolenko, “Ded Xasan” adı ilə məşhur olan kriminal avtoritet Aslan Usoyan və digər tanınmışlar Tobolsk həbsxanasının “sakin”ləri olublar.
Demək olar ki, “qanuni oğru”ların əksəriyyətinin yolu bu həbsxanadan keçib.
“Cem” adı ilə tanınan Yevgeni Vasin isə ən yüksək “kriminal titul”unu məhz burada alıb.
1989-cu ildə Tobolsk həbsxanasının fəaliyyəti dayandırılıb.
Hazırda Tobolsk kremli ilə yanaşı yerləşən keçmiş həbsxana muzey kimi fəaliyyət göstərir və dünyanın həbsxana-muzey siyahısında yer alıb.
İlham Cəmiloğlu
visiontv.az