Təmənnasız həkim
03.12.2023

Dostlar, siz məni qınamayın, mən müstəqillikdən sonra Azərbaycanda, elə bizim Bakıda bir həkim görməmişəm ki, xəstəni müalicə etmək istəsin, Hippokrat andını demirəm, heç olmasa öz peşə borcuna təmənnasız əməl etsin. Odur ki, son 20 ildə heç həkimə getmirəm – harda qırılar, qırılar deyirəm...

Pis vərdiş yoluxucu olur deyirlər, artıq müəllimlər də bu yolu gedirlər. Vallah, pul, maaş söhbəti deyil, hər yerdə yaxşı həkimlər də, müəllimlər də var. Camaat niyə həkimə İrana, müəllimə Türkiyəyə qaçır?! Çünki onlar vəzifə borclarını hər şeydən üstün tuturlar. Çoxdan oxuduğum, yaddaşıma yazılan bir hadisəni Sizə danışmaq istəyirəm. Yaxın oturun...

Doktor Muhəmməd Meşali Misirin ən çox qazanan, ən istedadlı həkimlərindən biri olub. Amma tarixə “Ərəb baharı” kimi düşən inqilablardan, Misirdə insanlar yoxsullaşandan sonra hər şey dəyişib. Muhəmməd Meşali zəngin , pullu klinikasını bağlayıb, Qahirənin ən yoxsul məhəlləsində bir klinika açıb, bütün xəstələri pulsuz, təmənnasız müayinə və müalicə etməyə başlayıb. Xüsusən də kasıb uşaqları. Hətta bahalı geyimlırini çıxarıb, sadə geyinməyə başlayıb.

Hazırda Doktor Meşali kasıbların həkimi kimi nəinki Misirdə, Ərəb aləmində, hətta bütün dünyada tanınır. Muhəmməd Meşali 2020-ci ildə dünyasını dəyişib, amma onun işini onlarla ardıcılı davam etdirir...

Deyirəm, siz mənə Azərbaycanda bir nəfər Doktor Meşali kimi təmənnasız həkim göstərə bilərsinizmi?! Mən hələ bizdə dərmanların od qiymətinə satılmasından, keyfiyyətsiz olmasından danışmaq istəmirəm...

Qalib ARİF

visiontv.az