AEBA İranda yoxlamaları qismən bərpa edib
16.12.2025

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda inspeksiya fəaliyyətini bərpa edib. Lakin qurum əməkdaşları yalnız ABŞ-nin zərbələrinə məruz qalmayan obyektlərə buraxılır.

Bu barədə təşkilatın Baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində bildirib.

O qeyd edib ki, iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra yoxlamaların bərpasında irəliləyiş hazırda AEBA-nın İranda qarşısında duran ən vacib məsələdir.

Qrossinin sözlərinə görə, agentlik yalnız ABŞ zərbələrinə məruz qalmamış obyektlərə buraxılıb.

“Bu, o baxımdan yaxşıdır ki, həmin obyektlər yoxlanılmalı olan razılaşdırılmış siyahıya daxildir. Bu bizim üçün vacibdir. Lakin, əlbəttə ki, digər üç obyekt daha da əhəmiyyətlidir, çünki orada hələ də xeyli miqdarda nüvə materialları və avadanlıqlar mövcuddur və biz ora qayıtmalıyıq”, — AEBA-nın Baş direktoru vurğulayıb.

visiontv.az