Hazırda dünyada gedən müharibələri dayandırmaq mümkün görünmür. Ukrayna 4 il, Qəzza 2 ildir ki, od-alov içində, İranda, Yəməndə müharibənin sonu görünmür. Və bu fonda Cənubi Qafqazda Azərbaycan 30 illik müharibəni bitirdi, qalib gəldi və məğluba sülh təklifi etdi. Əslidə Bakının bu təcrübəsi dünyanın ən vacib və yeganə dərsliyidir.
Prezident İlham Əliyevin VII Mədəniyyətlərarası Dialoq Forumunda dediyi kimi, bütün münaqişələr fərqlidir, amma kökü, səbəb eynidir. Azərbaycan nümunəsində biz bunu aydın gördük. 100 ildir formalaşan Ermənistanın ideologiyası "Böyük Ermənistan", "dənizdən dənizə", "biz qədim xalqıq, bunlar gəlimədir" kimi fikirlər faşizmin klassik formasıdır. Müharibələr də məhz sən özünü üstün tutanda, başqasının evini işğal etməyi haqq biləndə başlayır. Ermənilər də bu məntiqnən Azərbaycan torpaqlarının 20%-ni işğal etdi. 1 milyon insanı evindən qovdu, etnik təmizləmə, Xocalıda soyqırım törətdi. Qarabağda 65 məscidi dağıtdı, qəbirləri buldozerlə şumladı. Və nəticə də nə oldu. Heç nə. Ermənistanın bu əməllərinə qarşı bir dənə də sanksiya tətbiq olunmadı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi heç bir icra olunmadı. ATƏT-in Minsk qrupu İrəvandan verilən direktivlərlə durub-oturdu. Yəni Ermənistan özünü tam cəzasızlıq mühitində hiss etdi. Cəzasızlığa stimul verən ən böyük amil isə ikili standartlardır. Dünya bir yerdə işğala qarşı sanksiya tətbiq etdi, Qarabağda gözünü yumdu. Ermənistan işğal edəndə "münaqişə tərəfləri" deyib üstündən keçdilər. İrəvan 30 il danışıqları imitasiya edəndə hamı alqışladı və sair. Müharibələr də məhz cəzasızlıq, ikili standartlar və yalnış ideologiyanın vəhdətindən başlayır. Buna görə Azərbaycan başqa yol seçdi və qalib gəldi. Bakının formulu isə 5 addımdan ibarət oldu. Birinci addım. Azərbaycan 30 il danışıqlarda səmimi iştirak etdi. Amma eyni zamanda ordu qurdu, iqtisadiyyat qurdu, diplomatiya qurdu. Müharibəni istəmədi, amma müharibəyə hazır oldu. İkinci addım. BMT-nin nizamnaməsinin 51-ci maddəsini özünümüdafiə hüququnu tətbiq etdi. Bakı dedi ki, əgər BMT öz qətnamələrini icra etmirsə, mən özüm edəcəyəm. Və 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etdi. Üçüncü addım. Qələbədən sonra dayanmaq bacarığı nümayiş etdirdi. Bu, Azərbaycan prezidenti İlham Əliyevin ən çətin və ən dahiyanə addımı oldu. Prezidentin sözü ilə desək "Biz qisasımızı döyüş meydanında aldıq”. Dördünücü addım. Müharibələr tarixində adətən məğlub sülh isatəyir. Qarabağ müharibəsininin sonun da isə qalib tərəf sülh təklif etdi. Çünki məqsəd əbədi müharibə yox, əbədi sülh idi. Və nəhayət beşinci addım 2025-ci ilin yayında sülh sazişi paraflandı. İki ildən az müddətdə son qanlı toqquşmadan sülhə keçid edildi. Bu beş addım Azərbaycanın müharibəyə və sülhə baxışını ifadə edir. Və Prezident İlham Əliyev deyir ki, dünya məhz bu modelə istinad edib müharibələri dayandıra bilər. Çünki Bakı sübut etdi ki, əgər işğalçıya cəza yoxdursa, ikili standart varsa, sülh olmayacaq. Əgər kimsə özünü üstün hesab edib qonşunun torpağına göz dikirsə, onu ancaq gücü ilə yerinə oturtmaq lazımdır.Və ən əsası. Sülh zəiflərin yalvarması ilə yox, güclülərin iradəsi ilə gəlir. Dünya bunu öyrənsə, müharibələr daha tez bitər.
Şöhrət El-Dəniz
visiontv.az