Avropada İranın dini-siyasi təsir şəbəkələri – IV hissə
28.10.2026

Muhammed Avcı şəbəkəsi: Türkiyədən Almaniyaya uzanan dini-siyasi əlaqələr

Əvvəlki yazımızda Berlindəki İmam Rza İslam Mərkəzindən və Azərbaycan mənşəli şiə şəbəkələri haqqında Almaniya araşdırmalarından bəhs etmişdik. Bu dəfə Türkiyə mənşəli başqa bir şəbəkəyə diqqət yetiririk.

Almaniyanın democ təşkilatı və American Jewish Committee Berlin tərəfindən 2026-cı ilin oktyabrında yayımlanan hesabatda Muhammed Avcı şəbəkəsi xüsusi qeyd olunur. 2019-cu ildə vəfat etmiş Türkiyə mənşəli din xadimi Muhammed Avcının tərəfdarları Almaniyada və Niderlandda fəaliyyət göstərən bir sıra şiə dini icmaları ilə əlaqələndirilir.

Mideast Freedom Forum Berlin təşkilatının araşdırmasına görə, şəbəkənin əsas fəaliyyət məkanları Almaniyanın Offenbach, Osterholz və Augsburg şəhərləri, eləcə də Niderlandın Haaqa şəhəridir. Burada Ehlibeyt adı altında dini mərasimlər, moizələr, gənclərlə iş və ictimai toplantılar təşkil edilir.

Araşdırmada İsmail Avcı və Yunus Çakar şəbəkənin tanınmış simaları kimi göstərilir. İsmail Avcı dini çıxışları və Frankfurt Əl-Qüds günü nümayişlərində iştirakı ilə tanınır. Yunus Çakar isə Osterholz İslam Mərkəzinin dini fəaliyyəti ilə əlaqələndirilir.

Ən diqqətçəkən məqam şəbəkənin İran İslam Respublikasının siyasi-dini ideologiyasına münasibətidir. Araşdırma müəllifləri bu çevrələrin İran rəhbərliyinin mövqelərini təbliğ etdiyini və Frankfurt Əl-Qüds günü yürüşlərinin təşkilində rol oynadığını bildirirlər. Lakin ideoloji yaxınlıq birbaşa maliyyələşmə və ya Tehrandan idarə olunma faktı ilə eyniləşdirilməməlidir.

2026-cı ilin oktyabrında yayımlanan yeni hesabatın nəticəsinə görə, Hamburq İslam Mərkəzinin 2024-cü ildə qadağan edilməsindən sonra Avcı şəbəkəsinin nisbi əhəmiyyəti artıb. Bu, İranın Avropadakı dini-siyasi təsirinin yalnız bir mərkəzlə məhdudlaşmadığını göstərən araşdırma nəticələrindən biridir.

Növbəti hissədə: Frankfurt şəhərinin niyə bu şəbəkələrin mühüm fəaliyyət məkanına çevrildiyini və Əl-Qüds günü nümayişlərinin təşkilində kimlərin iştirak etdiyini araşdıracağıq…

Elbəyi Həsənli

visiontv.az