Şerzod Xocayev sentyabrda Azərbaycanla neft və neft məhsullarının tədarükünü müzakirə edəcək
27.08.2026

Sentyabrın ilk ongünlüyündə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Visiontv.az  xəbər verir ki, bu barədə "Spot"  Özbəkistan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində  Azərbaycanın Energetika Nazirliyi və  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki dövlət başçılarının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı danışıqların aparılması planlaşdırılır.

Qurumdan nəşrə bildiriblər ki, Azərbaycanla əməkdaşlıq xammal tədarükü, emal, hazır məhsul istehsalı, texnoloji təcrübə mübadiləsi və dayanıqlı logistika zəncirlərinin yaradılmasını əhatə edə bilər.

"Özbəkistan üçün bu, daxili bazarın təchizat etibarlılığını artırmağa və tədarük mənbələrini şaxələndirməyə, Azərbaycan üçün isə Mərkəzi  Asiya bazarında iştirakını genişləndirməyə və uzunmüddətli sənaye kooperasiyasını inkişaf etdirməyə imkan verəcək", - Energetika Nazirliyindən bildiriblər.

visiontv.az