Özbəkistan Milli Uşaq Tibb Mərkəzində onkoloji xəstəliklərin aşkarlanması və mərhələsinin müəyyənləşdirilməsi üçün müasir üsullar da daxil olmaqla, kompleks diaqnostik xidmətlər göstərilir.
Bunu Özbəkistan Milli Uşaq Tibb Mərkəzinin Radiologiya şöbəsinin müdiri, həmyerlimiz Arzu Əhmədova söyləyib. O deyib: “Milli Uşaq Tibb Mərkəzinə çox sayda uşaq müraciət edir. Burada diaqnozu təsdiqləmək və xəstəliyin mərhələsini müəyyənləşdirmək üçün zəruri müayinələr aparırıq”.
Müsahibimiz xəstəliklərin vaxtında aşkarlanmasının vacibliyini vurğulayıb və bəzi xəstəliklərin hələ ana bətnində olarkən müəyyən edilməsinin mümkünlüyünü söyləyib: “Onkoloji xəstəliklərin müxtəlif və çoxsaylı səbəbləri var. Xəstəlik həm ana bətnində olarkən, həm də doğuşdan sonra aşkar edilə bilər. Ən başlıcası odur ki, gələcək ana zəruri skrininq müayinələrindən vaxtında keçsin”.
Mütəxəssisin sözlərinə görə, Mərkəzdə diaqnostik baza və beynəlxalq əməkdaşlıq fəal inkişaf etdirilir: “Qazaxıstan, Tacikistan və Qırğızıstandan uşaqlar bizim mərkəzə gəlirlər. Azərbaycandan isə hələlik pasiyent olmayıb”.
A.Əhmədova bildirib ki, mərkəzdə Cənubi Koreya və ABŞ istehsalı olan müasir tibbi avadanlıqlardan istifadə olunur.
“İlk növbədə, biz tam kompleks diaqnostik xidmətlər, həmçinin laborator diaqnostikanı təqdim edirik. Yəni diaqnozun müəyyənləşdirilməsi üçün hərtərəfli müayinə aparılır”, - deyə radiologiya şöbəsinin müdiri vurğulayıb. O, həmçinin Mərkəzin mütəxəssislərinin böyük klinik təcrübəyə malik olduğunu qeyd edib.
“Ötən il 6400 əməliyyat həyata keçirilib. Bu, böyük göstəricidir və belə pasiyent axını bizə böyük klinik təcrübə qazandırır. Biz bu təcrübəni digər həkim və klinikalarla bölüşməyə hazırıq. Biz tərəfdaşlığa yönəlmişik”, - deyə A.Əhmədova bildirib.
Müsahibimizin sözlərinə görə, Mərkəzdə uşaq neyrocərrahiyyəsi və ürək cərrahiyyəsi inkişaf etdirilir, eyni zamanda, mütəxəssislər daha az travmatik müalicə üsullarına üstünlük verirlər. Neyrocərrahiyyədə cərrahi müdaxilələri ətraflı planlaşdırmağa imkan verən MRT traktografiyasından və naviqasiya sistemlərindən istifadə olunur.
A.Əhmədova uşaqlarda onkologiyanın və sümük iliyinin transplantasiyasının inkişafında “Zamin” fondunun dəstəyi barədə də danışıb. Bildirib ki, Mərkəzdə artıq bu cür təxminən 50 transplantasiya həyata keçirilib.
Özbəkistan və Azərbaycan tibb müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunan mütəxəssis iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. “Özbəkistanlı mütəxəssislər Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər”, - deyə A.Əhmədova əlavə edib.
visiontv.az