"WhatsApp" istifadəçi hesablarının təhlükəsizliyini artırmaq üçün iki mərhələli doğrulama sistemində altı rəqəmli PIN-kodu tam şifrə ilə əvəz etməyə hazırlaşır. Yeni şifrədə hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan istifadə etmək mümkün olacaq.
Visiontv.az bu barədə "GSMArena" nəşrinə istinadən xəbər verir.
Şirkət hesabların sındırılmasını çətinləşdirmək üçün yeni təhlükəsizlik tədbirini tətbiq edir.
"WhatsApp" həmçinin istifadəçinin kontakt siyahısında olmayan şəxslərdən gələn zənglər zamanı əlavə məlumat göstərəcək. Məsələn, istifadəçi zəng edən şəxsin nömrəsinin başqa ölkədə qeydiyyatda olub-olmadığını və onunla hər hansı ortaq qrupunun olub-olmadığını görə biləcək. Bu funksiya ilkin mərhələdə yalnız "Android" istifadəçiləri üçün əlçatan olacaq.
Bundan əlavə, "WhatsApp" istifadəçiləri giriş açarı ("passkeys") funksiyasını aktivləşdirməyə çağırır. Bu texnologiya hesaba barmaq izi, üz tanıma və ya cihazın ekran kilidi vasitəsilə daxil olmağa imkan verir. Şirkətin məlumatına görə, artıq bir milyarddan çox insan giriş açarı funksiyasını aktivləşdirib.
Yeni yeniləmə ilə bir "WhatsApp" hesabına bir neçə giriş açarını bağlamaq mümkün olacaq. Bu, eyni vaxtda "Android" və "iOS" cihazlarından istifadə edənlər üçün xüsusilə əlverişli ola bilər.
visiontv.az