Alimlər qlobal fəlakət ssenarilərindən ən asanlıqla xilas ola biləcək ölkələri ilk dəfə hərtərəfli qiymətləndiriblər. Araşdırmanın nəticələrinə görə, belə fövqəladə vəziyyətlərə ən dayanıqlı ölkə Avstraliyadır.
Visiontv.az xəbər verir ki, araşdırma "Global Challenges" jurnalında dərc olunub.
Tədqiqatçılar üç əsas təhlükə ssenarisini təhlil ediblər. Bunlara günəş işığının kəskin azalması, qlobal infrastrukturun çökməsi və genişmiqyaslı bioloji risklər daxildir. Günəş işığının azalmasına nəhəng vulkan püskürmələri və "nüvə qışı" kimi hallar səbəb ola bilər. İnfrastrukturun qlobal çöküşü isə kiberhücumlar və pandemiyalarla əlaqələndirilir.
Araşdırma çərçivəsində hər bir ölkənin belə şəraitdə əhalisini, istehsal imkanlarını və idarəetmə sistemini qoruyub saxlamaq potensialı qiymətləndirilib.
Avstraliya bir sıra amillərin vəhdəti sayəsində siyahıda birinci yeri tutub. Ölkənin böyük ada ərazisində yerləşməsi və coğrafi baxımdan təcrid olunması, yüksək ərzaq istehsalı, yanacaq ehtiyatları, inkişaf etmiş sənayesi və sabit demokratik idarəetməsi onun əsas üstünlükləri hesab olunur.
Mütəxəssislərin fikrincə, bu amillər Avstraliyanı müxtəlif qlobal risklərə qarşı daha dayanıqlı edir.
Araşdırmada qeyd olunur ki, dayanıqlı ölkələr, bir qayda olaraq, demokratik idarəetməyə, yüksək rifah səviyyəsinə, nisbətən aşağı sosial bərabərsizliyə, güclü sənayeyə və coğrafi təcridə malik olurlar. Həmçinin onların xarici ticarətdən asılılığı nisbətən aşağı olur.
Ən dayanıqlı ölkələr sırasında Yeni Zelandiya, Yaponiya, İsveçrə və Argentina da yer alıb. Bununla belə, həmin ölkələrin hər birinin müəyyən zəif tərəfləri olduğu vurğulanır. Avstraliya da bütün üstünlüklərinə baxmayaraq, yanacaq, dərman və gübrə kimi bəzi məhsulların idxalından asılı olaraq qalır.
Tədqiqatın rəhbəri, Hagen Universitetinin ekologiya üzrə mütəxəssisi Florian Yena bildirib ki, ən dayanıqlı ölkələr qlobal fəlakətdən sonra dünyanın bərpasında mühüm rol oynaya və "dayaq nöqtələrinə" çevrilə bilərlər. Məsələn, belə ölkələr ərzaq ehtiyatlarının və toxum banklarının qorunmasını təmin edə bilərlər.
Mütəxəssislər qeyd edirlər ki, araşdırmanın məqsədi insanlarda qorxu yaratmaq deyil. Əsas məqsəd ölkələrin nadir, lakin dağıdıcı nəticələrə səbəb ola biləcək hadisələrə qarşı əvvəlcədən hazırlıq görməsinin vacibliyinə diqqət çəkməkdir.
visiontv.az